İYUNUN 30-DA AZƏRBAYCAN DİLİ FƏNNİ ÜZRƏ NÖVBƏTİ İMTAHAN KEÇİRİLƏCƏK

İyunun 30-da Dövlət İmtahan Mərkəzi (DİM) hər hansı səbəbdən ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 12-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri, eləcə də buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 12-də keçirilmiş imtahanda iştirak etməyən cari ilin məzunları üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirəcək.

DİM-dən bildirilib ki, Bakı və Naxçıvan şəhərlərində 7 binada təşkil olunacaq imtahan saat 10:00-da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər və abituriyentlər DİM-in saytında imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

İştirakçılar imtahana aşağıda göstərilən sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsini;

– Şəxsiyyəti təsdiq edən sənədin əslini.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:

-dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);

-dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;

oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

İmtahanın müddəti 1 saat 30 dəqiqədir.

İmtahanın idarə olunması üçün 7 ümumi imtahan rəhbəri, 18 imtahan rəhbəri, 129 nəzarətçi ayrılıb, 19 buraxılış rejimi əməkdaşı (mühafizə), 7 bina nümayəndəsi ayrılıb.

İmtahanda 7 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird (abituriyent) də iştirak edəcək. Bu şəxslərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.