Azərbaycanda iyulun 13-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz ayrı-ayrı yerlərdə arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 31-36° isti olacağı ehtimalı var. Atmosfer təzyiqi normadan aşağı – 755 millimetr civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 45-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində iyulun 13-də mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı bildirilir.