IX Qlobal Bakı Forumu çərçivəsində iyunun 18-də “Qloballaşma və artan bərabərsizliklər” mövzusunda panel iclası keçirilib.
BMT-nin Ukrayna üzrə sabiq rezident əlaqələndiricisi Fransis O’Donnellin moderatorluğu ilə keçirilən panel iclasında diqqətin iqtisadi bərabərsizliklər üzərində cəmləşdirilməsi, azlıqlara qarşı ayrı-seçkilikdən irəli gələn bərabərsizliklər, sərvət və gəlirlərdə qeyri-bərabərliklər, varlılar üçün vergi sığınacaqlarının qarşısının alınması və vergi sistemində daha böyük bərabərlik yaradılması məqsədilə qlobal vergi rejiminin dəyişdirilməsi, müvafiq konvensiyalarda təsbit edilmiş qlobal vergi tədbirlərinin səmərəli şəkildə həyata keçirilməsi, bu sahədə görülən tədbirlərin istənilən məsələdə və hesablamada ən aztəminatlı təbəqə olaraq qalan yoxsullara fayda verməsinin nə dərəcədə təmin edilə bilməsi, həmçinin digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Panel müzakirələrində Dünya Bankının sabiq vitse-prezidenti Mats Karlsson, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Ekvadorun sabiq Prezidenti Rosaliya Arteqa Serrano, UNESCO-nun 36-cı Baş Konfransının prezidenti, Macarıstanın BMT və UNESCO üzrə sabiq səfiri, “Women4Diplomacy”nin qurucusu Katalin Bogyay, Dünya İncəsənət və Elm Akademiyasının prezidenti Qari Ceykob, Latviyanın sabiq Baş naziri Laimdota Strauyuma və Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku iştirak ediblər.
Dünya Bankının sabiq vitse-prezidenti Mats Karlsson IX Bakı Qlobal Forumunun təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edib.
O, qloballaşmanın deyil, yanlış idarəçiliyin bərabərsizliyi gətirdiyini bildirərək deyib: “İndiyədək dünyada belə çağırışlar çox olmayıb. Biz qloballaşmaya daha böyük önəm verməliyik”.
M.Karlsson qeyd edib ki, azlıqların hüquqlarının təmin edilməsi qarşıda duran əsas məsələlərdən biridir. Bunun həll edilməməsi müəyyən problemlərə yol açır.
BMT, Ümumdünya Ticarət Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı institutları arasında əlaqələndirmə praktiki əhəmiyyət kəsb edir. Ümumdünya Ticarət Təşkilatı qloballaşmanı həyata keçirən əsas təsisatdır.
Sonra çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, ölkə sisteminin dayanıqlılığını artırmaqla əhalinin iqtisadiyyata, gəlirlərə əlçatanlığını təmin etmək lazımdır. Nazir dünyada gəlir mənfəətinin bərabərsizliyinin hələ də davam etdiyini diqqətə çatdırıb.
Ölkəmizin vergi sahəsi barədə danışan M.Cabbarov bildirib ki, Azərbaycan vergi sahəsi ilə bağlı müəyyən normativ sənədlərin hazırlanması üzərində çalışır.
M.Cabbarov cəmiyyətin dəyərlərinə də diqqət yetirməyin vacibliyini vurğulayıb. O, vergilərin ölkədəki şəraitə uyğunlaşmalı olduğunu deyib. Vurğulayıb ki, bununla bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi davam etdiriləcək.
“Azərbaycan üçün əsas məsələ öz yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin problemlərinin həll edilməsi, əhalinin həssas təbəqəsinin yaşayış səviyyəsinin yüksəldilməsidir. Ölkəmizin əsas siyasəti yaranan boşluqları birləşdirən körpü yaratmaq idi. Biz daxili siyasətimizi inklüzivliyə doğru yönəltdik”, – deyə nazir qeyd edib.
Mikayıl Cabbarov Azərbaycan hökumətinin əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, tələbələrin təhsil almaları üçün maliyyə vəsaitlərinin artırılmasına önəm verdiyini də diqqətə çatdırıb.
Ekvadorun sabiq Prezidenti Rosaliya Arteqa Serrano çıxışında dünyada bərabərsizliyin təhsilə və sağlamlığa əngəl törətdiyini qeyd edib. Deyib ki, cəmiyyətin inkişafının davamlı olması təhsilin keyfiyyətindən asılıdır. Həmçinin diqqətə çatdırılıb ki, vergi sistemi bərabərsizliyə nəzarət edən meyar olmalıdır.
“Hazırda qadın və kişilər arasında bərabərsizlik var. Dünyada baş verən münaqişələrdən qadınlar və uşaqlar daha çox əziyyət çəkirlər. Biz qloballaşmanın faydalarını bilməliyik. O, elmin inkişafına gətirib çıxarır. Hər kəsə hörmət etməli, hər bir insanın dünya sisteminə verdiyi töhfəni düzgün qiymətləndirməliyik”, – deyə sabiq Prezident qeyd edib.
UNESCO-nun 36-cı Baş Konfransının prezidenti Katalin Bogyay Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Forumda iştirak etməyin onun üçün böyük şərəf olduğunu deyib.
Dünyadakı mövcud bərabərsizliklər barədə danışan K.Bogyay cəmiyyətin buna etirazla yanaşmalı olduğunu qeyd edib.
“Təhsildə bərabərsizliyi aradan qaldırmalıyıq. Uşaqlarımıza etimad göstərməyi öyrətməliyik. Həmçinin biz qadınların sülhə proseslərində iştirakına önəm verməliyik. Qadınlar pandemiya ilə mübarizədə çox fəal iştirak etdilər”, – deyə K.Bogyay əlavə edib.
Dünya İncəsənət və Elm Akademiyasının prezidenti Qari Ceykob belə vacib mövzunu Forumun gündəliyinə daxil etdiyinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığını bildirib.
Cəmiyyətlər arasında bərabərsizliyin aradan qaldırılmasının vacibliyini vurğulayan Akademiyanın prezidenti qeyd edib ki, təkamül bərabər şəkildə baş verməyib. Qadın hüquqlarının təminatı, kasıb təbəqənin təhsilə, ictimai həyata əlçatanlığı çətinləşib.
“Qloballaşma hazırda ilkin şərtdir. Biz qloballaşma, cəmiyyətin təkamül prosesi barədə düşünməliyik. Bu, milli təhlükəsizliyin təmin edilməsi ilə baş verə bilər”, – deyə Q.Ceykob diqqətə çatdırıb.
Latviyanın sabiq Baş naziri Laimdota Strauyuma COVID-19 pandemiyasının, dünyada baş verən münaqişələrin böyük fərqliliklər, bərabərsizliklər yaratdığını, yoxsulluğa yol açdığını bildirib. Qeyd edib ki, cəmiyyətin qarşısında duran əsas vəzifə qeyri-bərabərliyin genişlənməsinə qarşı tədbirlər görməkdir.
Çıxışında qadın hüquqlarına da toxunan sabiq Baş nazir qadınlara diqqətin artırılmasının vacibliyini vurğulayıb, gender bərabərliyinin təmin olunmasının önəmini qeyd edib.
Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku bildirib ki, dünyada baş verən böhranlar milyonçuların sərvətinin artmasına səbəb olub. O, cəmiyyətin necə idarə edilməli və maliyyə resurslarını bərabər şəkildə necə paylanmalı olduğunu barədə fikirlərini bölüşüb. Deyib ki, biz bu barədə düşünməliyik. İslahatlarda mənəvi dəyərlərdən yararlanmalıyıq.
Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması perspektivləri, enerji təhlükəsizliyinə yaranan təhdidlərin aradan qaldırılması yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılır.