“Heydər Əliyev İli” çərçivəsində Naxçıvanda keçirilən Diaspor Gənclərinin IV Yay Düşərgəsinin I paneli “Ulu Öndər Heydər Əliyevin həyat yolu” mövzusuna həsr olunub.
Komitədən bildiriblər ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun moderatorluğu ilə keçirilən paneldə Milli Məclisin deputatı, AMEA-nın həqiqi üzvü, Filologiya elmləri doktoru, professor Rafael Hüseynov, Azərbaycanın sabiq baş naziri və keçmiş xarici işlər naziri Həsən Həsənov, sabiq xarici işlər naziri, ölkəmizin Bosniya və Hersoqovinadakı səfiri Vilayət Quliyev çıxış ediblər.
Komitə sədri F.Muradov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ölkə tarixindəki müstəsna rolundan danışıb. Diaspor Gənclərinin IV Yay Düşərgəsində “Ulu Öndər Heydər Əliyevin həyat yolu” panelinin təşkilinin diaspor gənclərinin görkəmli dövlət xadiminin misilsiz tarixi xidmətləri barədə məlumatlandırılmasında xüsusi əhəmiyyət daşıdığını söyləyib. Vaxtilə Heydər Əliyevlə bir komandada çalışmış tanınmış şəxslərin tədbirdə iştirak etməsinin, Ulu Öndərin həyat yolu barədə danışmasının böyük önəm kəsb etdiyini və diaspor gəncləri üçün çox böyük məlumat bazası olacağını diqqətə çatdırıb.
Ümummilli Liderin siyasi olimpə yenidən yüksəlişinin qədim Naxçıvan torpaqlarından başladığını vurğulayan Həsən Həsənov qeyd edib ki, hələ sovet dövründə Azərbaycana rəhbərlik edən Heydər Əliyev müstəqillik dövrünün gələcəyini hər kəsdən daha yaxşı bilir və o zamandan respublikamızı azadlıq mərhələsinə hazırlayırdı.
Heydər Əliyevin xarici siyasət və diaspor quruculuğu sahələrində xidmətlərindən söz açan Vilayət Quliyev diqqətə çatdırıb ki, xaricdəki diaspor təşkilatları zamanla Ulu Öndərin istədiyi səviyyəyə yüksəlib.
Rafael Hüseynov bildirib ki, Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla mütləq görüşürdü və tövsiyələrini verirdi. “Mən bunun şəxsən şahidi olmuşam. Ulu Öndər millətimizin bütövləşməsində müstəsna xidmətləri olan ən böyük tarixi şəxsiyyətlərdən biridir”, – deyə R.Hüseynov vurğulayıb.
Tədbir panel iştirakçıları ilə maraqlı debatla davam edib. Debatda fəal iştirak edən düşərgə iştirakçıları həm Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan tarixindəki rolu ilə yanaşı, Azərbaycan tarixi, Azərbaycan dilinin qorunub saxlanılması, milli məfkurənin inkişafı, milli kimlik və sair məsələlərlə bağlı qonaqlara çoxlu sayda suallar ünvanlayıblar.
Eyni zamanda, diaspor gəncləri belə maraqlı panelin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda diaspor gənclərinə parlaq və xarizmatik şəxsiyyət Heydər Əliyevə həsr olunmuş kitab, eləcə də Azərbaycan tarixini və coğrafiyasını əhatə edən atlas hədiyyə edilib.