İTİRİLMİŞ SÜLH İMKANLARI ERMƏNİSTANI DAHA BÖYÜK FƏLAKƏTLƏRƏ DOĞRU SÜRÜKLƏYİR

Cari il ərzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dair ümidlər böyük olsa da, bu baş vermədi. Əsas səbəb rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyindən hələ də əl çəkməməsi, müəyyən xarici qüvvələrin  diqtəsi altında fəaliyyət göstərməsidir. Halbuki, Ermənistanın gələcək inkişafı üçün sülh müqaviləsi müstəsna əhəmiyyət kəsb edir. Amma buna rəğmən, Ermənistan sülh istiqamətində qətiyyət nümayiş etdirmir, həmçinin, kənar müdaxilələr fonunda daha çox revanşizmə meyllənir.

Qeyd edilməlidir ki,  sülh mətninin demək olar, 90 faizi razılaşdırılıb. Prezident İlham Əliyev Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, sülh sənədində yer alan 17 maddədən 15-i razılaşdırılıb, ikisi qalıb.  Dövlət başçısı razılaşdırlmayan maddələrin nədən ibarət olmasına da aydınlıq gətirib: “Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır… Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır”. Bu məsələlər barədə razılıq əldə edildiyi halda sülh müqaviləsinin bəndləri tərəflər arasında razılaşdırılmış olacaq. Amma Ermənistanın yerinə yetirməli olduğu  digər iki mühüm şərt də var. Bunlardan birincisi, Ermənistanın  Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmaqdır. Daha bir şərt ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, Ermənistan Azərbaycanla birlikdə Minsk qrupunun ləğvi üçün ATƏT rəhbərliyinə müraciət etməlidir.

Beləliklə, göstərilənlər sülh üçün Ermənistan qarşısında hər hansı qeyri-adi məsələ qoyulmadığını göstərir. Amma problem Ermənistanın hələ də siyasi qətiyyət nümayiş etdirə bilməməsi, sadalanan məsələləri çözməklə Azərbaycanla sülh müqaviləsi imzalanmasını yekunlaşdırmamasıdır. Belə vəziyyət ilk növbədə Ermənistan üçün ciddi problemlər formalaşdırır. Məsələn, faktdır ki, sülh müqaviləsinin yoxluğu Azərbaycanla əməkdaşlıq münasibətlərinin qurulmasını əngəlləyir və beləliklə, Ermənistan eyni zamanda regional xarakterli layihələrdə iştirak imkanlarını da itirir.

Cənubi Qafqazda bundan sonra da həyata keçiriləcək regional miqyaslı  layihələr Azərbaycanın iştirak və razılığı olmadan mümkün deyil. Belə layihələrdə iştirakın hansı çoxsaylı üstünlüklər qzandırdığını Ermənistan Gürcüstanın nümunəsində görə bilər. Azərbaycanla sülh müqaviləsi regionda nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa imkan verəcək. İndiki halda bu, Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Məsələn, Ermənistanın quru yolla ixracı coğrafi davamlı xarakter daşımır. Söhbət ilk növbədə Gürcüstan ərazisindəki Yuxarı Lars keçid məntəqəsindən gedir. Qış aylarında təbii şərtlər səbəbindən bu keçid məntəqəsinin fəaliyyətində fasilələr yaranır. Halbuki, Azərbaycan üzərindən ixrac həyata keçirilərsə, burada təbii təsir faktoru tamamilə aradan qalxmış olacaq.

Azərbaycanla sülh Zəngəzur dəhlizinin açılması prosesinin də tezləşməsi deməkdir. Bu dəhlizin perspektivdə bütün Avrasiya üçün ən mühüm  tranzit qovşaqlardan biri olacağı artıq beynəlxalq miqyasda qəbul edilir. Zəngəzur dəhlizindən təkcə avtomobil və dəmir yolları keçməyəcək. Azərbaycan perspektivdə bu dəhlizlə təbii qaz, elektrik enerjisinin də ixracını mümkün hesab edir. Üstəlik, açılacağı halda Zəngəzur dəhlizindən Ermənistanın hələ təsəvvür edə bilməyəcəyi qədər yüklərin daşınması gözlənilir. Bütün bunlar dəhlizin əslində, Ermənistanın özü üçün də nə dərəcədə zəruri əhəmiyyət kəsb etdiyini göstərir.

Ermənistan ölkəmizlə sülh müqaviləsi imzalayıb əməkdaşlıq əlaqələri qurduğu halda Azərbaycandan təbii qaz, neft məhsulları, elektrik enerjisi idxal edə bilər.  Özü də bu məhsulların Azərbaycandan idxalı Ermənistan üçün daha sərfəli xarakter daşıyacaq. Bundan əlavə, Ermənistanın Türkiyə ilə münasibətlərinin perspektivi də məhz Azərbaycanla bu ölkə arasındakı sülhdən asılıdır. 

Ermənistanın bir dövlət kimi varlığını davam etdirməsi, təhlükəsiz şəraitdə yaşaması yenə əhəmiyyətli dərəcədə Azərbaycanla sülhdən asılıdır. Bu, həm də Ermənistanı müəyyən güclərin əlində vasitə olmaqdan da xilas etmək iqtidarındadır. Hazırda müəyyən qüvvələrin regionda  öz məqsədlərinə nail olmaq üçün Ermənistandan bir vasitə olaraq istifadə etmələri üçün əlverişli vəziyyət mövcuddur. Ermənistanın böyük güclər arasında yeni geosiyasi toqquşma məkanına çevrilmək üzrə olması da bu kontekstdə diqqətdən yayınmır. Belə toqquşma məkanı olan ölkələrin dağıdıcı nəticələrlə üzləşməsi, inkişafdan çox geridə qalmalarına dair günümüzdə də kifayət qədər nümunələr var. Halbuki, Azərbaycanla sülh müqaviləsi imzalayıb, əməkdaşlığa başlayacağı halda Ermənistan bu təhlükədən də xilas ola bilər.

Ermənistan nəzərə almalıdır ki, Azərbaycanın haqlı mövqeyi, sülh təşəbbüsləri beynəlxalq icimaiyyətdə hər keçən gün daha çox dəstək qazanır. Bu mənada sülhə qarşı çıxmaqla Ermənistan təkcə Azərbaycanın yox, həm də beynəlxalq icimaiyyətin mütləq çoxluğunun iradəsinə qarşı çıxış etmiş olur. Bu da perspektivdə Ermənistan üçün daha böyük problemlərin yaranmasını şərtləndirir. Sülh məsələsində Azərbaycanın təkliflərinin qəbulu Ermənistanın mövcudiyyətini davam etdirməsi, inkişafı üçün əslində, yeganə seçim variantıdır.   Bu ölkənın Azərbaycanın yaratdığı reallıqlarla barışması və bu əsasda fəaliyyətdən başqa yolu yoxdur. Ermənistan bunları nəzərə alıb, artıq gələn il ərzində sülh üçün real addımlar atmasa, bu ölkənin daha böyük problemlər məngənəsində boğulması qaçılmaz olacaq.

MTM Analitik Qrup