
Azərbaycanın Şuşa şəhəri ərazisindən keçən Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəallar, ümumilikdə iki yüzə yaxın insan davamlı olaraq öz şüarlarını səsləndirirlər: “Çirkləndirməyə son qoy, təbiəti qoruyaq, gələcəyimizi xilas edək”. Ekofəallar otuz gündən artıqdır ki, aksiyanı davam etdirir.
Bu fikirlər azərbaycanlı ekofəalların keçirdikləri etiraz aksiyasına dair İtaliyanın nüfuzlu “il Giornale” qəzetində dərc olunan məqalədə yer alıb.
Yazıda bildirilir ki, aksiya iştirakçıları Ermənistanın onları siyasi motivlərlə yolu bağlamaqla bağlı ittihamını rədd edir, diqqəti əsasən ətraf mühitə yönəltməyə üstünlük verirlər.
“Erməni işğalçıları onilliklər ərzində bizim torpaqları talayıb, ətraf mühiti çirkləndiriblər. Onlar bunu etməyə davam edirlər və indi kifayət qədər söz deməyin vaxtı çatıb”, – deyə ekofəallar qeyd edir.
Məqalədə vurğulanır ki, aksiyanın kökündə Azərbaycanın Qarabağ bölgəsindəki faydalı qazıntı yataqlarının yerli ermənilər tərəfindən qanunsuz istismarı, eləcə də 2020-ci ildə imzalanan Üçtərəfli Bəyanatdan sonra Ermənistanın bu yoldan piyada əleyhinə minaların, silah-sursatın qanunsuz dövriyyəsini həyata keçirməsi dayanır.
Azərbaycanın xüsusi təyinatlıları çoxu gənc və universitet tələbəsi olan nümayişçilərin toplaşdığı hasarın arxasında düzülüb. Çiyinlərində avtomat və kəmərlində xidməti xəncər olan xüsusi təyinatlıları yerli əhali qəhrəman kimi görür. Ermənistanla Azərbaycan arasında 2020-ci ildəki son müharibədə şuşalılar şəhəri məhz həmin xüsusi təyinatlıların azad etdiyini deyirlər. Şuşa şəhərinin Azərbaycan xüsusi təyinatlıları tərəfindən ələ keçirilməsinin həm ABŞ, həm də Sinqapur üçün nümunəyə çevrildiyi bildirilir.
Aksiya fonunda buraya müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlılarının zirehli texnikalar və rus əsgərləri var. Onlar Üçtərəfli Bəyanata uyğun olaraq, ərazinin təhlükəsizliyinə ən azı kağız üzərində zəmanət verirlər. Təxminən hər qırx dəqiqədən bir yoldan keçən rus maşınlarını keçdiyini və ekoloji aksiyanı təşkil edən insanların da buna şərait yaratdığını görürsən. Ona görə də burada nə blokadadan söhbət gedir, nə də humanitar fəlakətdən. Çünki vaxtaşırı yoldan Rusiya texnikalarının, eləcə də təcili yardım maşınların, humanitar yardımlar və Beynəlxalq Qızıl Xaç Komitəsinin nəqliyyat vasitələrinin keçidi tam təmin olunur.