İtaliyanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb.
Ölkənin “AGI”, “ANSA”, “Il Sole 24 Ore”, “Askanews”, “il Giornale”, “Yahoo Notizie”, “Giornale Diplomatico”, “Kmetro0” və digər mətbu orqanlarında yayılan materiallarda Prezident İlham Əliyevin Romada Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışında iştirak etdiyi, İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirildiyi bildirilib. Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılmasının iki ölkənin dostluq əlaqələrinin mühüm nümunəsi olduğu vurğulanıb. Eyni zamanda, diqqətə çatdırılıb ki, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanın ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlər mübadilə edilib.
Prezident İlham Əliyevin həmin gün Romanın Kuirinale Sarayında İtaliya Prezidenti Sercio Mattarella ilə görüşdüyü, görüşdə bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyi bildirilib.
Azərbaycan Prezidentinin İtaliyanın Nazirlər Şurasının Sədri Mario Draqi ilə görüşündə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunduğu vurğulanıb.
Yazılarda Prezident İlham Əliyevin sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzinin təşkil etdiyi “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakına da yer verilib.
Həmçinin bildirilib ki, tədbirdən sonra Azərbaycan Prezidenti yerli KİV-lərə müsahibə verib. Müsahibədə Prezident İlham Əliyev TAP boru kəməri vasitəsilə İtaliyaya 11,7 milyard kubmetr qazın nəql edildiyini, qarşıdakı illərdə ixracın həcminin 20 milyard kubmetrə çatdırılacağını diqqətə çatdırıb.