İTALİYADA NƏQLİYYAT İŞÇİLƏRİ VAKSİNASİYA TƏLƏBİ İLƏ TƏTİL ELAN EDİB

İtaliyanın dəmir yolu və şəhər nəqliyyatı işçiləri “Orsa” həmkarlar ittifaqının çağırışı ilə ümummilli tətilə başlayıb.
İtaliya KİV-lərinin məlumatına görə, tətil iştirakçıları hakimiyyətdən təcili olaraq “COVID-19” əleyhinə vaksinasiya tələb edirlər.
“Hökumət səviyyəsində vaksinasiya proqramına daxil olmaq üçün üstünlük verilən kateqoriyalar tərtib ediləndə nəqliyyat işçiləri naməlum səbəbdən siyahıdan kənarda qalıb”, – deyə həmkarlar ittifaqının rəhbərliyi bildirib.
İtaliyanın İnfrastruktur və Nəqliyyat Nazirliyinin saytında yerləşdirilən məlumata əsasən, şəhər nəqliyyatı əməkdaşlarının əksəriyyəti işlərinə əsasən axşam vaxtı dörd saat ara verəcək. Belə ki, Romada avtobusların, tramvayların, metronun və şəhərətrafı elektrik qatarlarının hərəkəti yerli vaxtla saat 21:30-da dayandırılacaq. Ölkənin bir sıra iri şəhərlərinin nəqliyyat işçiləri də analoji qərarlar qəbul edib.
Milan şəhərində ATM nəqliyyat kompaniyasının rəhbərliyi 10 min əməkdaşını vaksinasiya etməyə boyun olsa da, nəqliyyat işçiləri həmkarlar ittifaqının tələbini dəstəkləyib, lakin tətildə iştirak etməyəcəklərini bildiriblər.
İtaliyanın dəmir yolu nəqliyyatında isə tətil səkkiz saat davam edəcək. Bununla yanaşı, ölkənin ən böyük dəmir yolu kompaniyası – İtaliya Dövlət Dəmir yolları (FSI) sürət qatarlarının qrafik üzrə hərəkət edəcəyi barədə məlumat yayıb.