İTALİYA NÜMAYƏNDƏ HEYƏTİ AĞDAMDA SƏFƏRDƏ OLUB

Azərbaycanda səfərdə olan İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 15-də işğaldan azad olunmuş Ağdam şəhərində olub.
Milli Məclisdən verilən məlumata görə, İtaliya parlamentinin üzvləri burada Ermənistanın işğal zamanı Azərbaycan ərazisində törətdiyi vandalizmi öz gözləri ilə görüblər. Səfər zamanı İtaliyalı qonaqlar Ağdam Cümə məscidi və Ağdam Dövlət Dram Teatrının qalıqları ilə tanış olublar.
Qonaqlar ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumatlandırılıb. Onlara məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, uçurub və yandırıblar. Erməni vandalları hətta Şəhidlər xiyabanlarını, qəbiristanlıqları da dağıdıblar.