İtaliya mətbuatı Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin hansı səbəbdən qəzaya uğramasını diqqət mərkəzində saxlayır, bununla bağlı mütəmadi məlumatlar paylaşır.
“Rai”, ANSA, “La Repubblica”, “Sky TG24”, “il Messaggero” və digər nəşrlərdə yayımlanan materiallarda sərnişin təyyarəsinin kənar müdaxilə nəticəsində qəzaya uğradığı qeyd olunur. Vurğulanır ki, təyyarənin enmə trayektoriyası, onun qalıqlarının vəziyyəti, şahidlərin ifadələri və qəzanın xronoloji ardıcıllığı bunu deməyə əsas verir.
Yazılarda Azərbaycan pilotlarının qəhrəmanlıq nümayiş etdirdikləri və daha çox sayda insanın həlak olmasının qarşısını aldıqları, qəza vəziyyəti zamanı təyyarə bələdçilərinin peşəkar və sayıq davrandıqları qeyd olunur.
Eyni zamanda, qaza nəticəsində 38 nəfərin öldüyü, dekabrın 26-da Azərbaycanda matəm günü elan olunduğu diqqətə çatdırılır.