İTALİYA AZƏRBAYCANIN AVROPADAKI ƏSAS STRATEJİ TƏRƏFDAŞINA ÇEVRİLİB – TƏHLİL

Cənubi Qafqazda formalaşan yeni geosiyasi vəziyyət Azərbaycanın regional təhlükəsizlik və əməkdaşlıq proseslərində rolunu əhəmiyyətli dərəcədə artırıb. Postmünaqişə mərhələsində sülh gündəliyinin irəli aparılması və beynəlxalq tərəfdaşlarla koordinasiya olunmuş diplomatik fəaliyyət ölkəmizin mövqelərini daha da möhkəmləndirir.

Bu xüsusda Avropa İttifaqının aparıcı üzvlərindən olan İtaliya ilə münasibətlərin strateji xarakter daşıması xüsusi qeyd olunmalıdır. Son illər yüksələn siyasi dialoq, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq, regional və qlobal məsələlərdə uzlaşan mövqelər ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafına təkan verir. İtaliyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləməsi mövcud əlaqələrin qarşılıqlı etimad prinsipi əsasında qurulmasına imkan verib. İkinci Qarabağ müharibəsi zamanı rəsmi Roma beynəlxalq hüquqa əsaslanan mövqe tutaraq Azərbaycanın legitim haqlarını tanıyıb. Avropa strukturlarında keçirilən müzakirələrdə İtaliya ölkəmizə qarşı qərəzli yanaşmaların zərərsizləşdirilməsində vacib rol oynayıb. İtaliyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsindən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallığı qəbul edən ilk ölkələrdən olması da xüsusi vurğulanmalıdır.

Cənubi Qafqazda dayanıqlı sülhün təmini istiqamətində atılan addımlar, regionun enerji və nəqliyyat dəhlizlərinin əhəmiyyətinin artması, Avropa İttifaqının enerji idxalı mənbələrini şaxələndirməsi siyasəti və İtaliyanın bu siyasətdə vacib rol oynaması ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirir. Avropa İttifaqı enerji təhlükəsizliyini gücləndirmək üçün yeni mənbələrə ehtiyac duyduğu son illərdə Azərbaycanı etibarlı, sabit təchizatçı kimi tanıyır və təşkilatla enerji əməkdaşlığının dərinləşməsində İtaliya da mühüm rol oynayır. İtaliya Azərbaycanın enerji resurslarının Avropa bazarlarına nəqli və Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasını ilk gündən dəstəkləyən, bu prosesdə yaxından iştirak edən dövlətlərdəndir. Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Avropaya çatdırılmasının əsas ünvanı da məhz İtaliyadır. Strateji müttəfiq ölkə, eyni zamanda, Azərbaycan neftinin ən böyük alıcılarından biridir və bu amil ikitərəfli ticarət dövriyyəsinin stabil artımını təmin edir.

Neft və qazla yanaşı, ölkəmiz İtaliyaya həm də kimya sənayesi məhsulları ixrac edir. İtaliyadan Azərbaycana isə texnika, yüngül və yeyinti sənayesi məhsulları idxal olunur. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsinin 25,2 faizi İtaliyanın payına düşüb. Bu fakt tərəflər arasındakı ticarət mübadiləsinin dayanıqlığını bir daha nümayiş etdirir.

Hər iki ölkənin rəhbər şəxsləri arasında müşahidə edilən intensiv təmaslar, qarşılıqlı səfərlər, imzalanan dövlətlərarası sənədlərin əhəmiyyətini də xüsusi qeyd etmək lazımdır. İkitərəfli münasibətlərin dayanıqlılığını son illər ərzində liderlərin intensiv təmasları, həmçinin iqtisadi, enerji, hərbi və humanitar sahələrdə həyata keçirilən praktiki layihələr də təsdiqləyir. Oktyabr ayında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanan sənədlər, İtaliya-Azərbaycan Universitetinin açılışı iki ölkənin təkcə siyasi, iqtisadi və enerji deyil, humanitar sahədə də sıx əməkdaşlığına dəlalət edir.

Bu günlərdə xarici işlər naziri Ceyhun Bayramovun İtaliyaya rəsmi səfəri və keçirdiyi görüşlər ikitərəfli siyasi dialoqun davamı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə keçirilən görüş zamanı strateji tərəfdaşlığın yüksək səviyyədə inkişafı xüsusi vurğulanıb, eyni zamanda, ikitərəfli gündəlikdə olan məsələlər ətrafında müzakirələr aparılıb. Keçirilən digər görüşlər zamanı enerji, ticarət, nəqliyyat, mədəniyyət, təhsil və müdafiə sahələrində mövcud imkanların dəyərləndirilməsi, həmçinin azad edilmiş ərazilərin bərpasında İtaliya şirkətlərinin iştirakı xüsusi qeyd edilib.

Strateji dialoqun dərinləşməsi yalnız enerji amili ilə məhdudlaşmır. Dünyada güclü orduya və müdafiə sənayesi məhsulları istehsalı potensialına malik İtaliya ilə hərbi əməkdaşlığın genişləndirilməsi də ölkəmizin maraq dairəsindədir. 2024-cü il iyunun 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevə İtaliya Respublikasının “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin təqdim olunması ikitərəfli hərbi-texniki əməkdaşlığın yüksələn xəttlə inkişafını təsdiqləyib.

Hərbi əlaqələr həm ikitərəfli formatda, həm də NATO-Azərbaycan tərəfdaşlıq proqramları çərçivəsində davam etdirilir. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin İtaliyanın hərbi akademiyalarında təlimlərə cəlb olunması, keçirilən birgə təlimlər mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, azad edilmiş ərazilərdə humanitar minatəmizləmə sahəsində İtaliyanın Azərbaycana göstərdiyi dəstək də xüsusi qeyd edilməlidir.

Bu da təsadüfi deyil ki, Azərbaycanın azad edilmiş ərazilərində Türkiyədən sonra abadlıq quruculuq və yenidənqurma işlərinə cəlb edilən ikinci ölkə məhz İtaliyadır. 2020-ci ildə “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, qeyd olunan şirkət Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa edilən yarımstansiyaların avadanlıqlarla təchizatını həyata keçirir. Eyni zamanda, İtaliyanın digər şirkətlərinin də tədricən bu prosesdə iştirakı iki ölkə arasında iqtisadi-siyasi əməkdaşlığı genişləndirir.

MTM Analitik Qrupu