İSVEÇİN “DİPLOMATİC WORLD SWEDEN” İNTERNET NƏŞRİNDƏ “YAŞIL ENERJİ ÜZRƏ MƏŞVƏRƏT ŞURASI – BAKI” ADLI MƏQALƏ DƏRC OLUNUB

İsveçdəki xarici səfirliklərin əməkdaşları və siyasətçilər üçün işlənib hazırlanmış “Diplomatic World Sweden” internet nəşrində martın 1-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası haqqında məqalə dərc edilib.

Məqalədə Bakının ev sahibliyi etdiyi budəfəki tədbirdə regionda dayanıqlı enerji həlləri sahəsində əhəmiyyətli irəliləyişlərin əldə edildiyi müzakirələrdən, həmçinin Xəzərdə külək, elektrik stansiyalarının yaradılması ideyalarının reallaşdırılması istiqamətində aparılan danışıqlardan və metan emissiyalarının azaldılması üzrə beynəlxalq təşəbbüslərdən bəhs olunur.

Müəllif qeyd edir ki, müzakirələrin mərkəzində Avropa İttifaqına (Aİ) və qonşu ölkələrə qaz tədarükünün diversifikasiyası üçün vacib marşrut olan Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsi dayanıb.

“İndi bu boru kəməri qlobal əməkdaşlığın və enerji təhlükəsizliyinin rəmzidir. Ötən il Azərbaycandan qaz ixracının 23 milyard kubmetrə qədər artması ölkənin Avropa enerji bazarlarında oynadığı mühüm rolu sübuta yetirir. Onun əsas istehlakçıları İtaliya, Yunanıstan, Rumıniya, Macarıstan və Bolqarıstan kimi ölkələr olduğundan Azərbaycan öz enerji əlaqələrini daha da genişləndirməyə çalışır”, – deyə müəllif qeyd edir.

Məqalədə qeyd olunur ki, Azərbaycan Brüsseldəki “WindEurope” kimi beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməklə külək enerjisinin potensialından istifadə edərək onun gələcəkdə Avropaya ixrac edilməsi üçün qabaqcıl transsərhəd infrastruktur layihələrindən istifadə etməyə ümid edir. Müəllifin yazdığına görə, iqlim dəyişikliyinin təsirlərinin azaldılması məqsədilə, Azərbaycan COP29-u qəbul etməyə hazırlaşdığı üçün qətiyyətli şəkildə koordinasiyalı tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Məqalənin sonunda deyilir ki, Azərbaycan daha yaşıl dünya üçün yeni həllərin işlənib hazırlanmasında ön sıralarda dayanaraq fəal liderlik modeli ilə seçilir.