İsveç hökuməti 2025-2026-cı illərdə Kiyevə 25 milyard kron (2,25 milyard dollar) həcmində hərbi yardım ayırmağı planlaşdırır.
İsveçin müdafiə naziri Pol Conson bu barədə ukraynalı həmkarı Rustem Umerovla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, krallıq uzaqmənzilli raketlərin və PUA-ların kütləvi istehsalı üçün Ukraynanın hərbi sənaye kompleksinə vəsait ayırmağa hazırdır.
“Silahlar İsveçin maliyyə dəstəyi ilə Ukraynada həmin ölkənin müdafiə sənayesi tərəfindən istehsal olunacaq”, – deyə Pol Conson bildirib. Nazir, eyni zamanda, yeni yardım paketinin təfərrüatlarının yanvar ayında açıqlanacağını elan edib.
İsveç hökumətinin məlumatına görə, 2022-ci ilin fevral ayından bəri Stokholm Kiyevə 57,4 milyard kron (4,99 milyard avro) yardım ayırıb ki, bunun da 48,4 milyard kronu (4,20 milyard avro) hərbi məqsədlidir.