
İsveçin “Diplomatic World Sweden” portalında Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş məqalə dərc edilib.
Oxucu auditoriyasının böyük hissəsinin siyasətçilər və İsveçdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşlarından ibarət olduğu portalda müsahibələr, reportajlar, foto və videomateriallar yerləşdirilir, əsas diqqət milli kommersiya şirkətləri, ictimai təşkilatlar və media ilə əməkdaşlığa, sosial platformalara yönəldilir.
Məqalədə Azərbaycanın siyasi, elmi və mədəni həyatında Naxçıvanın rolundan bəhs edilir, həmçinin məlumat verilir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə isveçli kinorejissor Mikael Silkeberq 100 illik yubiley münasibətilə bu qədim diyarın füsunkar təbiəti, tarix-mədəniyyət abidələri haqqında sənədli film çəkəcək.
Məqalədə diqqətə çatdırılır ki, Azərbaycanın İsveçdəki səfirliyində Silkeberqin Naxçıvana səyahəti zamanı çəkdiyi fotoşəkillərdən ibarət sərgi təşkil olunacaq. Bu sərginin təşkili Azərbaycanın zəngin turizm potensialı və mədəniyyətinin təbliği məqsədini daşıyır.
