İSTEHLAK BAZARINDA QİYMƏTLƏRİN DƏYİŞMƏSİ İLƏ BAĞLI TƏHLİL

MTM-in (Media Təhlil Mərkəzi) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, 2024-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi avqust ayına nəzərən 0,3% artıb.

Cari ilin ilk 9 ayında ən çox inflyasiya iyul ayında qeydə alınıb və bu, 0,9%-ə bərabər olub.  2024-cü ilin aprel, may və iyun aylarında isə istehlak qiymətləri indeksi 0,1% enib.

Rəsmi rəqəmlər göstərir ki, cari ilin aprel, may və iyun aylarında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,4% , 0,7% və 0,4% enib. Ən yüksək artım cari ilin ilk ayında qeydə alınıb və bu göstərici 2023-cü ilin dekabr ayına nəzərən 1,1% yüksək olub. 2024-cü ilin sentyabr ayında isə avqust ayı ilə müqayisədə 0,5% artım qeydə alınıb.

Qeyri-qida məhsulları üzrə artım yalnız mart ayında müşahidə olunmayıb. İyul ayı istisna olmaqla qeyri-qida məhsulları üzrə qiymət artımı hər ay 0,1 % və ya 0,2% müşahidə olunub. İyul ayında bu göstərici 0,8% olsa da, sentyabr ayında avqust ayı ilə müqayisədə 0,1%-lik artım qeydə alınıb.

Yanvar ayı istisna olmaqla cari ilin ilk 9 ayında ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi müsbət faiz alıb. Ən yüksək qiymət artımı cari ilin iyul ayında qeydə alınıb və bu, iyun ayı ilə müqayisədə 2% çox olub. Sentyabrda isə 0,1% qiymət artımı müşahidə olunub.

Cari ilin ilk 9 ayında ümumilikdə inflyasiya 2,6% təşkil edib və hesabat dövründə qida məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 1,39% artıb. Belə ki, burada qida məhsullarının qiymət artımı 1,19%, spirtli içkilərin qiymət artımı 3,65%, tütün məmulatlarının qiymət artımı isə 5,8% təşkil edib.

Qeyri-qida məhsulları üzrə ilk 9 ayda 1,61%-lik bahalaşma müşahidə olunub. Ödənişli xidmətlər üzrə isə 5,51%-lik artım qeydə alınıb.

Aparılan təhlil zamanı məlum olub ki, son 5 ildə ümumi istehlak qiymətləri hər il müəyyən faiz etibarilə artıb. Lakin cari ildə qeydə alınan artım son 4 ilin ən aşağı göstəricisidir. Ən yüksək inflyasiya faizi 2022-ci ilin sentyabr ayına təsadüf edib və bu rəqəm 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 15,6% çox olub.

Əlavə məlumat üçün bildirək ki, cari ilin sentyabr ayında qeydə alınan göstəriciyə nəzərən son 1 ildə inflyasiya 3,5% təşkil edib.

Rəsmi rəqəmlərə əsasən, son 5 ildə qida məhsulları, içkilər və tütün məmulatlarının bahalaşması üzrə ən yüksək göstərici 2022-ci ilin sentyabr ayında qeydə alınıb və həmin ay qiymətlər 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 21,8% baha olub.   

Cari ilin sentyabr ayına dair nəticələri 2023-cü ilin sentyabr ayı ilə müqayisə etsək, son bir ildə qida məhsulları, içkilər və tütün məmulatları üzrə 2,9% bahalaşmanın qeydə alındığını görərik.

Son 5 ilin istehlak qiymətləri indeksinə diqqət etsək, qeyri-qida məhsulları üzrə ən yüksək artımın 2022-ci ildə qeydə alındığını görərik. Daha dəqiq desək, 2022-ci ilin sentyabr ayına olan qiymətlər 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 10,5% çox olub. Cari ilin sentyabr ayına olan göstəricilərə görə isə son bir ildə qeyri-qida məhsulları üzrə istehlak qiymətləri 1,9% artıb.

2022-ci ildə qeydə alınan qiymət artımı ödənişli xidmətlərdən də yan keçməyib. Həmin il ödənişli xidmətlər üzrə bahalaşma göstəricisi 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 11,4% çox olub.

2024-cü ilin sentyabr ayına olan göstəricilərə görə isə son bir ildə ödənişli xidmətlərin qiyməti 5,7% artıb.

Rəsmi rəqəmləri təhlil etdikdə məlum olur ki, son 5 ildə ümumilikdə ölkə üzrə 40% inflyasiya qeydə alınıb. Həmin müddətdə qida məhsulları, içkilər və tütün məmulatları 50,81% bahalaşıb. Ayrı-ayrılıqda baxsaq, qida məhsulları üzrə 50,94%, spirtli içkilər üzrə 20,56% və tütün məmulatları üzrə 53% qiymət artımının olduğunu görə bilərik.

Qeyri-qida məhsulları üzrə isə son 5 ildə qiymətlər 28,05% faiz artıb. Həmçinin ödənişli xidmətlərin də qiymətində son 5 ildə 35,53% artım qeydə alınıb.