İSTANBULDA KEÇİRİLƏN QLOBAL PARLAMENT KONFRANSI AZƏRBAYCANIN DA TƏMSİLÇİLİYİ İLƏ İŞİNİ DAVAM ETDİRİR

Türkiyə Böyük Millət Məclisi (TBMM) və Parlamentlərarası İttifaqın (IPU) birgə təşkilatçılığı əsasında iyunun 20-də İstanbulda açılışı olan Qlobal Parlament Konfransı işini davam etdirir. Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti qlobal konfransda Azərbaycanı təmsil edir.

İyunun 21-də konfrans “Miqrasiya məsələsində məsuliyyət və yükün ədalətli paylanması” mövzusunda sessiya ilə start götürüb.

Bu gün ümumilikdə 3 sessiya üzrə müzakirələr aparılandan sonra bağlanış mərasimi olacaq.

Bağlanış mərasimində Qlobal Parlament Konfransın yekunları ilə bağlı dəyərləndirmədən sonra Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop çıxış edəcək.

Qeyd edək ki, Qlobal Parlament Konfransında ümumilikdə 54 ölkədən parlament təmsilçiləri müasir dünyanın ən böyük problemlərindən olan qaçqınlar və məcburi miqrasiya ilə bağı böhran vəziyyətini müzakirə edirlər.