İSTANBULDA İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATI GƏNCLƏR FORUMUNUN İCLASI KEÇİRİLİR

Avqustun 25-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏT GF) iclası işə başlayıb.

Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gənclərə videomüraciəti nümayiş etdirilib. Müraciətdə hazırda dünya tarixinin ən təlatümlü dövrünü yaşadığımızı vurğulayan Prezident Ərdoğan qlobal səviyyədə ciddi narahatlıqlar doğuran təhlükəsizlik problemləri, terror fəaliyyətləri və pandemiya nəticəsində sabitliyin tam təmin olunmadığını deyib. Bildirib ki, insanlığı təhlükə altında qoyan bu problemlər təəssüf ki, İslam coğrafiyasında daha dərin izlər qoyur.

Türkiyənin dünyada hökm sürən bu ədalətsizliyə qarşı mübarizə apardığını vurğulayan dövlət başçısı hər birimizin bu problemlərin aradan qaldırılması üçün əlimizdən gələni etməli olduğumuzu, xüsusilə, müsəlmanların haqsızlıqlara qarşı daha sərt mövqe nümayiş etdirmələrinin vacibliyini bildirib. Türkiyə Prezidenti bu məsələdə gənclərin üzərinə böyük vəzifə düşdüyünü qeyd edib.

İƏT-ə üzv olan 56 ölkənin nümayəndələrinin iştirak etdikləri tədbirdə “İslam əməkdaşlığında gəncliyin strategiyası” mövzusu başda olmaqla gənclərin inkişafı, iqtisadi imkanlarının genişləndirilməsi, mədəniyyət, incəsənət, idman sahələrindəki fəaliyyətləri və əldə etdikləri nailiyyətlər, eləcə də ətraf mühit və s. məsələlər müzakirə olunur.

İki gün davam edəcək tədbirdə İƏT GF-nin prezidenti Taha Ayhanın Forumun fəaliyyət sahələri və strategiyası, həyata keçirilən layihələrlə bağlı hesabat məruzəsi dinləniləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.