İSRAİL KORONAVİRUSA YOLUXMA HALLARININ ARTMASI SƏBƏBİNDƏN MASKA REJİMİNƏ QAYIDIB

İsrail koronavirusa yoluxma hallarının artması səbəbindən iyunun 25-dən qapalı məkanlarda maska rejiminə qayıdıb.

Bu barədə İsrail Səhiyyə Nazirliyinin məlumatında deyilir.

“Yoluxma hallarının artması səbəbindən bu gün saat 12:00-dan etibarən bütün qapalı məkanlarda maska taxmaq məcburiyyəti tətbiq edilir”, – deyə nazirliyin məlumatında bildirilir. Yeddi yaşdan kiçik uşaqların və idmanla məşğul olanların maska taxması isə məcburi deyil.

Bir müddət öncə İsrailin Baş naziri Naftali Bennet koronavirusun “Delta” ştamının yayılması fonunda vətəndaşları xaricə səyahətdən çəkinməyə çağırıb və bunun hələlik tələb deyil, xahiş olduğunu deyib.

İsraildə koronavirus pandemiyası səbəbindən tətbiq edilən bütün karantin məhdudiyyətləri iyunun 1-dən etibarən ləğv edilmiş, iyunun 15-dən isə vətəndaşlara qapalı yerlərdə maska taxmamağa icazə verilmişdi.

Qeyd edək ki, ötən il dekabrın 20-də İsraildə əhalinin COVID-19 infeksiyasına qarşı kütləvi vaksinasiya prosesi start götürüb. İsrail hazırda əhalinin hər 100 nəfərinə düşən peyvənd dozalarının miqdarına görə (123,15) dünya ölkələri arasında ilk beşlikdə yer alır.