İSRAİL-İRAN SAVAŞI DÜNYA İQTİSADİYYATINI YENİDƏN SINAĞA ÇƏKİR, TƏHLÜKƏLƏR ARTIR

İsrail və İran arasında şiddətlənməkdə olan müharibə dünya iqtisadiyyatına da əvvəldən proqnozlaşdırıldığı kimi təsirsiz ötüşmür. İndi xüsusi maraq doğuran məsələ savaşın nə qədər davam edəcəyidir. Elə qlobal iqtisadiyyatda vəziyyət də müharibənin müddətindən getdikcə daha çox asılı olacaq. Qeyd edilməlidir ki, İsrailin İranın nüvə və hərbi obyektlərinə hava zərbələri endirməyə başlamasından cəmi bir neçə saat sonra qlobal maliyyə sistemində ciddi dəyişikliklər qeydə alındı. İndi dünyada kapital qızıla, neftə və müəyyən istiqrazlara axır. Dəyişən rəqəmlərin arxasında daha böyük bir sual dayanır: İsrail-İran savaşı nəticəsində meydana çıxan  “Tehran effekti” sadəcə qısamüddətli şokdur, yoxsa qlobal iqtisadi qeyri-sabitliyin yeni katalizatordur? Hesab edilir ki, bu sualın dəqiq cavabı məhz savaşın davam etmə müddətindən asılıdır.

Təbii ki, müharibənin nəticələri özünü daha çox enerji sektorunda göstərir və bundan sonra da göstərməkdə davam edəcək. Yaxın Şərqdə iki böyük hərbi güc olan İsrail və İran arasında genişmiqyaslı raket müharibəsinin başlaması artıq neft və qaz qiymətlrində özünü qabarıq hiss etdirir. Qiymətlərdəki dalğalanmaların intensivliyi davam edərsə, bu, qlobal iqtisadiyyata mənfi müstəvidə daha çox təsir edəcək.  Qeyd edilməlidir ki, İsrailin iyunun 13-də başladığı zərbələrdən sonra 2025-ci il yanvarın 24-dən bəri ilk dəfə olaraq neftin bir barreli 78 dolları ötüb. Düzdür, indi bu qiymət bir qədər aşağı düşüb. Amma savaşın şiddətlənməsi yenidən yüksək neft qiymətləri vəd edir. Eyni hal təbii qaz üçün də keçərlidir. Avropada qazın qiyməti iyunun 16-da ən yüksək həddə çatıb. Hollandiyadakı TTF qovşağında iyul qaz fyuçerslərinin qiyməti 2,21 faiz artaraq min kubmetr üçün 470,92 dollar olub. Yenə də Yaxın Şərqdə savaş kəskinləşərsə, bura digər ölkələr, o cümlədən də ABŞ qoşularsa, onda təbii qazın qiymətində də fantastik artımlar qaçılmaz olacaq.

Hazırda qlobal iqtisadiyyat üçün əsas təhlükə məhz  enerji qiymətlərinin kəskin artması hesab olunur. Bu hal isə istisna deyil və bir neçə ssenari üzrə baş verə bilər. Məsələn, İran dünya neft tədarükünün demək olar ki, mühüm hissəsinin keçdiyi Hörmüz və Bab əl-Məndəb boğazlarını bağlasa, neft qiymətində yüksək artım qaçılmaz olacaq.  Bu strateji dəhlizlərdən qlobal neft tədarükünün təxminən 20 faizi keçir. Körfəz ölkələrinin neft ixracının 90 faizə qədəri məhz Hörmüz boğazından nəql olunur. Beləliklə, bu boğazların bağlanması avtomatik olaraq neft qiymətlərini əhəmiyyətli dərəcədə yüksəldəcək. Bundan əlavə, Hörmüz blokadası gəmiləri başqa limanlara yönəldəcək və belə vəziyyət ciddi tıxaclara və konteyner daşıma tariflərində kəskin artıma səbəb olacaq.   18 ay əvvəl meydana çıxan Qırmızı dəniz böhranı da bunun təsdiqidir. Həmin vaxt husilərin hücumları gəmiləri uzaq Ümid Burnununa üz tutmağa məcbur edərək, səyahət müddətinin və xərclərin artmasına səbəb olub.

Digər ssenari İran və İsrailin biri-birlərinin hasilat yataqlarına hücumudur. Artıq bu hallar da qeydə alınır. Elə bu günlərdə İsrail pilotsuz təyyarələri İranın “Cənubi Pars” qaz yatağına hücum edib. Tərəflər biri-birlərinin neft emalı zavodlarını da vururlar. Qarşıdakı müddətdə  neft yataqlarına və neft emalı zavodlarına, eləcə də qaz infrastrukturuna hücumların davamı gözlənilir. Qiymət yüksəlişinə təsir edəcək digər hal oldur ki, təchizatçılar yüklərin ənənəvi marşrutlarla daşınması təhlükəsi səbəbindən enerji resurslarının nəqli üçün alternativ yollar axtarmalı olacaqlar. Bu da xərclərin və beləliklə, enerji resurslarının qiymətlərində yüksəlişi şərtləndirəcək.

Nəzərə alınması vacib olan digər məqam budur ki, İran gündə təxminən 3,3 milyon barel neft hasil edir ki, bu da dünya tədarükünün az qala 3,5 faizini təşkil edir. İndi İran ixracatının pozulması qlobal bazarlarda mütləq şəkildə qiymət artımı fonunda özünü hiss etdirəcək. ABŞ-nin maliyyə şirkəti olan “JPMorgan”ın analitikləri daha qorxulu ssenarinin ola biləcəyini istisna etmirlər. Onlar hesab edir ki, münaqişə gərginləşərsə, neftin qiyməti bir barel üçün 100 dolları keçəcək. Bu, dünyanı Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra qeydə alınınan 2022-ci ilin enerji böhranına qaytaracaq.

Bütün bunlar ABŞ-nin başlatdığı tarif müharibələri ilə paralel şəkildə baş verir və nəticədə dünya iqtisadiyyatında qeyri-müəyyənlik artır. Yaxın Şərqdə münaqişənin genişlənməsi isə qlobal iqtisadi artımın əhəmiyyətli dərəcədə yavaşlaması riskini özündə ehtiva edir. Üstəlik, qlobal iqtisadi artımla bağlı proqnozlar hələ İran-İsrail münaqişəsi başlamazdan əvvəl dünya maliyyə institutları tərəfindən azaldılıb . 2025-ci il üçün qlobal ÜDM-in proqnozlaşdırılan artımı 2,3 faiz təşkil edir ki, bu da 2020-ci ildə başlayan  COVID pandemiyası nəzərə alınmasa, artıq son yarım əsrdə ən aşağı rəqəmdir.

Enerji resurslarında qiymət artımı çoxsaylı sektorlarda inflyasiyanı sürətləndirəcək. Burada bir məqam qeyd edilməlidir ki, böyük iqtisadiyyatlar, xüsusən də ABŞ son bir neçə ayda qiymətlərə nəzarətdə əhəmiyyətli irəliləyiş əldə edib. Bu uğurun arxasında duran ən böyük amillərdən biri də yanacağın qiymətinin düşməsi olub. Məlumatlar göstərir ki, ABŞ-də istehlak qiymətləri indeksi may ayında cəmi 2,4 faiz artıb, lakin benzin qiymətlərində illik 12 faiz azalma olmasaydı, bu qiymət artmı xeyli yüksək olardı. İndi neftin qiymətinin yüksəlməsi ilə əldə edilən nailiyyət  böyük risk altındadır. “Oxford Economics”in baş iqtisadçısı Rayan Svitin fikrincə, neft qiymətlərindəki hər 10 dollarlıq artım ABŞ-də inflyasiyaya yarım faiz bəndi əlavə edə bilər. “JPMorgan”ın bir barrel üçün 120 dollarlıq ssenarisi reallaşarsa, ABŞ-də inflyasiya 5 faizə yüksələ bilər.

Belə vəziyyət dünyada  mərkəzi bankları klassik dilemma qarşısında qoyur: onlar ya “staqflyasiya” riski ilə üzləşirlər, yəni  iqtisadi durğunluğun yüksək inflyasiya ilə müşayiət olunduğu hal yaşayırlar. Əgər onlar enerjiyə əsaslanan inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini qaldırsalar, iqtisadi artımı boğmaq və tənəzzülə səbəb olmaq riski daşıyırlar. Ancaq iqtisadiyyatı dəstəkləmək üçün dərəcələri saxlasalar və ya azaldarlarsa, inflyasiyanın nəzarətdən çıxmasına imkan vermə riski ilə üzləşirlər. İstənilən halda görünən odur ki, investorlar və siyasətçilər Yaxın Şərqdəki hadisələri xüsusi diqqətlə izləməli olacaqlar, çünki oradakı hər bir qığılcım bütün dünyada siyasi və iqtisadi müstəvidə obrazlı deyilsə, fırtına yarada bilər.

Proses Azərbaycanda da diqqətlə izlənilir. Ölkəmiz neft və az hasilatçısı olsa da, bu enerji resurslarının dünyada kəskin şəkildə bahalaşmasında maraqlı deyil. Azərbaycan üçün neft və qazın qiymətinin qlobal miqyasda hərbi və siyasi xaos nəticəsində deyil, dünyada iqtisadiyyatın artımı hesabına bahalaşması daha sərfəlidir. Amma ölkə iqtisadiyyatının dünya enerji bazarlarında baş verən hallardan asılı olmayaraq da inkişafının təmin olunması iqstiqamətində mühüm addımlar atılır. Bunlar fonunda cari ilin yanvar-may aylarında ölkədə 50 milyard 99,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumtına əsasən, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,9 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 4896,1 manata bərabər olub. Artım səviyyəsinin qorunması üçün genişmiqyaslı fəaliyyət davam edir.

MTM Analitik Qrup