
Son aylarda İraq vətəndaşı Səlvan Momika müsəlmanların müqəddəs kitabını təhqir etdikdən sonra həm İsveçdə, həm də digər ölkələrdə özünə böyük diqqət cəlb edib.
Payızda məlum olub ki, İsveç Miqrasiya Xidməti Momikanın 2024-cü ilin payızına qədər qüvvədə olacaq müvəqqəti yaşayış üçün üçillik icazəyə yenidən baxılması ilə bağlı araşdırmaya başlayıb.
Araşdırma zamanı məlum olub ki, Səlvan sığınacaqla bağlı müraciətin verilməsi zamanı düzgün məlumat təqdim etməyib.
Bununla əlaqədar olaraq miqrasiya xidməti onun ölkədə yaşamaq üçün icazəsinin ləğv edilməsi və deportasiya olunması barədə qərar qəbul edib.
“İsveç miqrasiya xidməti belə qənaətə gəlib ki, o, vətənə qayıdacağı təqdirdə işgəncə verilməsi təhlükəsi ilə üzləşə bilər. Müvəqqəti yaşayış icazəsinin müddəti bitdikdə, deportasiya üçün maneələrin mövcudluğu və ya Momikanı ölkədən qovmağın mümkün olub-olmadığını öyrənmək məqsədilə yeni araşdırma aparmaq lazımdır”, – deyə miqrasiya xidmətinin mətbuat meneceri Yesper Tenqrot bildirib.
Deportasiya ilə əlaqədar olaraq Səlvana, həmçinin qayıdış ilə bağlı beşillik qadağa da tətbiq ediləcək.
Momika apellyasiya vermək niyyətindədir.
“Mən ölənə qədər İsveçdə yaşayacağam. Miqrasiya xidmətinin qərarı həyatımı təhlükə altına qoyur. Onlar aprel ayında, müvəqqəti yaşayış icazəsinin bitdiyində, ölkəni tərk etməyimi istəyirlər. Mənə dedilər ki, məni qəbul edə biləcək ölkə axtarıb tapım, əks halda bu, İraq olacaq. Mən apellyasiyaya verəcəyəm”, – deyə Səlvan Momika qeyd edib.
“Qurani-Kərim”in yandırılması müsəlman ölkələrində kəskin reaksiyaya səbəb olub. İyul ayında İsveçin Bağdaddakı səfirliyi “Qurani-Kərim”in yandırılmasından sonra hücuma məruz qalıb. Rəsmi etirazlar da ifadə olunub. Digərləri ilə yanaşı, İslam Əməkdaşlığı Təşkilatı (İƏT) “Qurani-Kərim”in yandırılmasını qınayıb.