İSLAM İNKİŞAF BANKI QRUPUNUN 2026-CI İL ÜZRƏ İLLİK TOPLANTILARININ BAKIDA KEÇİRİLMƏSİ İLƏ ƏLAQƏDAR TƏŞKİLAT KOMİTƏSİ YARADILDI – SƏRƏNCAM

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 2026-cı il iyunun 16–19-da İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri

Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini

Təşkilat Komitəsi sədrinin müavini

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Təşkilat Komitəsinin üzvləri:

Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

Sahil Babayev – Azərbaycan Respublikasının maliyyə naziri

Adil Kərimli – Azərbaycan Respublikasının mədəniyyət naziri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri

Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Taleh Kazımov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.

Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu”na uyğun olaraq, İllik Toplantıların təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlanmasını və icrasını təmin etməli; İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə əlaqədar digər zəruri məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə bağlı İslam İnkişaf Bankı Qrupu ilə əlaqələndirmə və Təşkilat Komitəsinin katibliyi funksiyalarını həyata keçirməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə əlaqədar xərclərin maliyyələşdirilməsi üçün 2026-cı ilin dövlət büdcəsi layihəsində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin və digər zəruri məsələlərin həlli üçün tədbirlər görməlidir.

İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi barədə İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurası tərəfindən 2025-ci il mayın 22-də qərar qəbul edilmiş və bununla əlaqədar “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu” imzalanmışdır.

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının Bakı şəhərində təşkili Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin regional və beynəlxalq tərəfdaşlıqlarının möhkəmlənməsinə, İslam maliyyə institutları ilə əməkdaşlığın genişlənməsinə, Azərbaycan Respublikasının iqtisadi və investisiya potensialının tanıdılmasına müsbət töhfə verəcəkdir.