
İyunun 21-22-də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 51-ci sessiyası ölkəmizin beynəlxalq diplomatiya müstəvisindəki növbəti diqqətçəkən uğurları ilə yadda qalıb. Sessiyanın yekununda qəbul edilən sənədlər təkcə Azərbaycanın regioda sülhün, təhlükəsizliyin və tarixi ədalətin bərpası baxımından əhəmiyyətli məqamları özündə ehtiva edir.
Xarici İşlər Nazirliyinin məlumatına əsasən, sessiya çərçivəsində ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş beş qətnamə, habelə “İstanbul Bəyannaməsi” qəbul olunub. Həmin sənədlər Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, Ermənistandan deportasiya olunmuş əhalinin geriyəqayıdış hüququna, mədəni və dini irsin qorunmasına, həmçinin postmünaqişə dövründə aparılan bərpa işlərinə beynəlxalq dəstəyi ifadə edir.
Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi qələbə, həmçinin 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpası, keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə mərhələli şəkildə qayıdışı fonunda Qərbi azərbaycanlılarının geriyəqayıdış hüququnun reallaşdırılması strateji əhəmiyyət kəsb etməyə başlayıb. İƏT-in bu məsələ ilə bağlı qəbul etdiyi qətnamə isə Azərbaycanın Ermənistandan deportasiya edilmiş soydaşlarımızın hüquqlarının bərpası, onların doğma yurdlarına qayıdışının təmin istiqamətində apardığı siyasətin səmərəli nəticəsi kimi diqqəti çəkir.
Sənəddə 1988-1991-ci illərdə Ermənistan ərazisindən zorakı şəkildə qovulmuş azərbaycanlıların geriyəqayıdış hüququ təsdiqlənib və bu hüquqa hörmət edilməsinin vacibliyi vurğulanıb. Həmçinin, Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan imtinası şiddətlə qınanıb. Bu sənəd Azərbaycanın haqlı iddialarının təkcə regional deyil, beynəlxalq miqyasda da qəbul edildiyini və dəstəkləndiyini göstərir.
Rəsmi Bakının son illər bu istiqamətdə apardığı işin məqsədi Ermənistanın monoetnik dövlət yaratmaq siyasətinə qarşı beynəlxalq platformalarda ciddi siyasi- hüquqi təzyiq mexanizmlərinin formalaşdırılmasıdır. Qərbi azərbaycanlıların geriyəqayıdış hüququnun ilk dəfə olaraq beynəlxalq təşkilatın rəsmi sənədində yer alması hüquqi-siyasi və mənəvi baxımdan vacibdir. Bu məsələ milli ideya səviyyəsinə yüksəlməklə yanaşı, dövlətin orta və uzunmüddətli strategiyalarının tərkib hissəsinə çevrilib.
“İstanbul Bəyannaməsi”ndə Ermənistanın təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşmüş yüz minlərlə azərbaycanlının ləyaqətli, təhlükəsiz şəkildə geriyəqayıdışı məsələsi ilə yanaşı, ölkəmizin azad edilmiş ərazilərdə apardığı yenidənqurma və minatəmizləmə fəaliyyətinə açıq dəstək də ifadə olunub.
İƏT Nazirlər Şurasının 51-ci sessiyasında qəbul edilmiş “1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı qətnamə isə Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı aktının beynəlxalq aləmdə tanıdılması baxımından əhəmiyyətlidir. Qətnamədə Xocalı və digər ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlər qətiyyətlə pislənir, soyqırımının İƏT-ə üzv dövlətlər tərəfindən tanınması vacibliyi vurğulanır. Sənəd yalnız tarixi ədalətin bərpası deyil, həm də Ermənistanın beynəlxalq hüquq qarşısında cavabdeh dövlət kimi tanınması baxımından da önəmlidir.
“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması” adlı qətnamədə Ermənistanın uzunmüddətli işğal siyasətinin davam edən nəticələri pislənilir, postmünaqişə dövründə azad olunmuş ərazilərimzdə aparılan genişmiqyaslı bərpa işlərinə dəstək ifadə olunur. Bu, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirdiyi genişmiqyaslı yenidənqurma fəaliyyətinin müsəlman dünyasında təqdir olunmasının göstəricisidir.
“Azərbaycan Respublikasına iqtisadi dəstək” adlı qətnamədə İƏT-ə üzv dövlətlərə və İslam maliyyə institutlarına yenidənqurma və minatəmizləmə fəaliyyəti sahələrində Azərbaycana maliyyə dəstəyinin göstərilməsinə çağırış edilib. Qətnamə regiondakı mina təhlükəsinin qeyd edilən təşkilatı da narahat etdiyini, müsəlman dövlətlərinin ölkəmizə bu sahədə yardım göstərmək niyyətini göstərir.
Nəhayət, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması” adlı qətnamə işğal dövründə Ermənistanın ərazilərimizdə dini və mədəni-tarixi irsə vandal münasibətinə siyasi qiymətin verilməsi fonunda son dərəcə əhəmiyyətlidir. Bu, həm də beynəlxalq ictimaiyyətə verilən mesajdır ki, Ermənistanın müharibə cinayətləri cəzasız qalmamalıdır.
Qeyd edilənlər fonunda aşkar görünür ki, Ermənistanın müharibə cinayətlərinin ifşası, xüsusilə də deportasiya edilmiş soydaşlarımızın hüquqlarının bərpası, geriyəqayıdış hüququ artıq beynəlxalq hüququn, diplomatiyanın aktual mövzusuna çevrilməkdədir. Ölkəmizin suverenliyi, ərazi bütövlüyü, tarixən məruz qaldığı haqsızlıqlar İslam dünyasını da ciddi narahat edir. Başqa sözlə, hərbi və siyasi müstəvidə qalib ölkə olan Azərbaycan hüquqi-diplomatik cəbhədə də ədalətin bərpası istiqamətində ardıcıl, prinsipial və məqsədyönlü fəaliyyət göstərir.
MTM Analitik Qrup