İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRƏ AVTOBUS REYSLƏRİNƏ İYUN AYI ÜÇÜN BİLETLƏR SATIŞA ÇIXARILIR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyun ayı üçün biletlər mayın 27-də saat 11:00-da satışa çıxarılacaq.

AYNA-dan bildirilib ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 729 reys həyata keçirilib, 29718 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.