İŞĞALDAN AZAD OLUNAN ƏRAZİLƏRƏ KÖÇÜRÜLƏN ƏHALİNİN SAYI İLƏ BAĞLI TƏHLİL

MTM-in (Media Təhlil Mərkəzi) Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi və Rayon İcra Hakimiyyətlərinin rəsmi internet səhifələrindən topladığı məlumatlara görə, indiyədək işğaldan azad olunmuş ərazilərdə 8517 nəfərin (2228 ailə) daimi məskunlaşması təmin edilib.

2022-ci ilin 19 iyul tarixindən başlayan köç karvanı ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinə yola düşüb. İlk köç karvanı 53 nəfərdən (10 ailə) ibarət olub və onlar müharibənin bitməsindən cəmi 1 il 8 ay sonra (616 gün) öz doğma torpaqlarına yenidən daimi yaşamaq üçün qayıdıblar.

Azad olunmuş ərazilərdə tikinti və yenidənqurma işlərinin sürətlə davam etməsinin nəticəsidir ki, 2024-cü ilin III rübündə daha 755 nəfər (231 ailə) öz doğma torpaqlarına geri qayıdıb. Bununla da bu il işğaldan azad olunmuş ərazilərə geri qayıdan vətəndaşlarımızın sayı 3826 nəfərə (1042 ailə) çatıb.

Aparılan təhlil zamanı məlum olub ki, qısa müddətdə Füzuli şəhərində salınan yaşayış kompleksində artıq 822 ailə və ya 3132 vətəndaş yaşayır. Sakinlərin sayı baxımından hazırda Füzuli şəhəri azad olunmuş ərazilər üzrə ilk sırada yer alır.

Bu göstəriciyə görə, ikinci sırada Laçın şəhəri yer alır və burada artıq 570 ailə və ya 2090 vətəndaşımız məskunlaşıb. Daha ətraflı qeyd etsək, Laçın rayonun Zabux kəndində 823 nəfərin (217 ailə), Sus kəndində isə 215 nəfərin (59 ailə) məskunlaşması təmin edilib. Bununla da, Laçın rayonu ümumilikdə 3128 nəfərin (846 ailə) daimi yaşayış ünvanına çevrilib.

Müharibədən sonra ilk yaşayış məntəqəsi salınan və ilk köç karvanını qəbul edən Zəngilan rayonunun Ağalı kəndi isə hazırda 175 ailənin və ya 871 vətəndaşın daimi məskənidir.

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində isə 204 ailə və ya 763 nəfər daimi məskunlaşıb. Qeyd edək ki, Şuşa şəhərinə ilk köç cari ilin 9 may tarixində reallaşıb.  

2024-cü ildə Füzuli şəhərinə köç edən vətəndaşların sayı ötən illə müqayisədə xeyli artıb. Belə ki, ötən ilin 18 avqust tarixindən başlayan köç karvanı 2023-cü ilin sonunadək 380 ailəni və ya 1392 nəfəri Füzuli şəhərinə daimi sakin etmişdisə, cari ilin ilk 4 ayında 442 ailə və ya 1740 nəfər öz doğma şəhərinə qayıdıb.

Laçın şəhərinə 20 ailədən və ya 97 vətəndaşdan ibarət ilk köç 2023-cü ilin 28 may tarixinə, “Müstəqillik Günü”nə təsadüf edib. Ümumilikdə isə 2023-cü ildə Laçın şəhərində 408 ailə və ya 1555 nəfər sakin məskunlaşıb.

Qeyd edək ki, 2024-cü ildə Laçın şəhərində 162 ailənin və ya 535 nəfərin daimi yaşayışı təmin edilib.

Yuxarıda da qeyd etdiyimiz kimi daimi məskunlaşma Laçın şəhəri ilə yanaşı Zabux və Sus kəndlərində də təmin edilib. 2023-cü ilin 25 avqust tarixindən başlayan köç zamanı ilk olaraq 20 ailə və ya 88 laçınlı Zabux kəndinə geri qayıdıb.

Qarabağa Qayıdış proqramı çərçivəsində Sus kəndinə ilk köç 2024-cü ilin 9 may tarixində baş tutub. Həmin vaxt Sus kəndi 20 ailə və ya 75 nəfərdən ibarət ilk köç karvanını qəbul edib. May ayının 24-də isə daha 39 ailə və ya 140 nəfər Sus kəndinə yola salınıb.

Qarabağa qayıdışın ilk ünvanı olan Zəngilan rayonunun Ağalı kəndi 2022-ci ilin 19 iyul tarixində ilk dəfə 10 ailə və ya 53 nəfəri qarşılayıb. Həmin ayın sonuna kimi növbəti 3 köç karvanı Ağalı kəndinə çatıb. 2022-ci ildə ümumilikdə 66 ailə və ya 326 nəfər Ağalı kəndində məskunlaşıb. 2023-cü ildə isə daha 109 ailə və ya 545 nəfər Ağalı kəndinə yola salınıb. Hazırda Ağalı kəndinin 871 daimi sakini var.

44 günlük Vətən Müharibəsinin xüsusi qəhrəmanlıqla fəth edilmiş incisi olan Şuşa şəhərinə ilk köç 2024-cü ilin 9 may tarixində 20 ailənin və ya 88 şuşalının öz doğma torpaqlarına dönməsi ilə başlayıb. Son rəqəmlərə görə, hazırda Şuşada 204 ailə və ya 763 nəfər məskunlaşıb.

Ən son köç karvanı Cəbrayıl şəhərinə yola salınıb. Uzun illərdən sonra 3 mərhələdə baş tutun köç karvanında ümumilikdə 117 ailə və ya 364 nəfərin Cəbrayıl şəhərində daimi məskunlaşması təmin edilib.

Xocalı şəhərinə də ilk köç 2024-cü ildə baş tutub. Belə ki, cari ilin 28-29 may tarixlərində bu şəhərə 44 ailə və ya 169 nəfər yola salınıb.

Əlavə məlumat üçün bildirək ki, Ağdərə rayonun Talış kəndinə köç 2023-cü ilin 16 mart tarixinə təsadüf edib və 90 nəfərdən ibarət 20 ailə Talış kəndində məskunlaşıb.