İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ ABİDƏLƏRİN PASPORTU HAZIRLANIR

2021-ci il ərzində Azərbaycanda 110 tarix-mədəniyyət abidəsinin pasportu və 72 abidənin mühafizə zonası təsdiq edilib.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 2021-ci ildəki fəaliyyəti ilə bağlı məlumatda deyilir.

Qeyd olunub ki, mədəni irsin qorunması işinin kompleks şəkildə təşkil edilməsi məqsədilə abidələrin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi işləri davam etdirilib.

Hazırda isə daha 155 abidənin pasportu, abidələrin mühafizə zonaları üzrə isə 108 layihənin hazırlanması üzərində iş aparılır. Pasportu hazırlanan abidələrin 42-si və mühafizə zonası hazırlanan abidələrin isə 10-u işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin payına düşür.