
İranın ölkəmizə qarşı müəyyən əsassız iddialar səsləndirən rəsmi şəxslərinin ikitərəfli münasibətləri normallaşmasında maraqlı olmadığı özünü qabarıq göstərir. Bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri İsmayıl Bəqainin Azərbaycan həbsxanalarında saxlanılan İran vətəndaşlarının guya “hüquqlarının pozulması”, onların “qeyri-hüquqi rəftara məruz qalmaları” barədə səsləndirdiyi əsassız fikirləri də ikitərəfli münasibətlərdə süni gərginlik yaratmaq cəhdlərinin əyani təzahürüdür.
Heç bir fakta, sübuta söykənməyən bu qərəzli iddia bir daha göstərir ki, qonşu ölkənin müəyyən rəsmi dairələri Azərbaycan haqqında beynəlxalq arenada mənfi rəy formalaşdırmağa çalışır. Bu qəbildən olan absurd açıqlamalar ikitərəfli münasibətlərin normallaşdırıması, etimad mühitinin möhkəmləndirilməsi prosesinə zərər vurmaqla yanaşı, regional əməkdaşlığa mənfi təsir göstərir. Halbuki rəsmi Bakı bütün səviyyələrdə İranla qarşılıqlı və bərabərhüquqlu, etimada əsaslanan mehriban qonşuluq münasibətlərinin qurulmasında maraqlı oduğunu sübut edib. Azərbaycan tərəfi öz ərazisindən Qərblə münasibətləri gərgin olan İranın əleyhinə platsdarm kimi istifadə olunmasına heç zaman yol verməyib, neytrallığını daim qoruyub saxlayıb, uzun illərdir ki davam edən ziddiyyətlərin sülh yolu həllində maraqlı olduğunu sübuta yetirib.
2025-ci ilin iyun ayında baş verən 12 günlük İsrail-İran müharibəsi zamanı rəsmi Bakı tərəfsiz mövqe tutub, tərəfləri atəşkəsə və danışıqlara çağırıb. Bu yanaşma ilə Azərbaycan ikitərəfli və çoxtərəfli münasibətlərlə beynəlxalq hüquqa əsaslandığını bir daha sübuta yetirib. Bu həm də deməyə əsas verir ki, rəsmi Bakının xarici siyasəti hansısa güc mərkəzinin maraqlarına deyil, yalnız milli mənafelərə, sülhə və regional əməkdaşlığa xidmət edir. Eyni zamanda, Azərbaycan İsrail, ABŞ və digər Qərb ölkələri ilə münasibətlərinin dərinləşməsinin suveren işi olduğunu, bunun İrana qarşı yönəlmədiyini, bu ölkənin rəsmi dairələrinin narahatlığının əsassız olduğunu dəfələrlə bəyan edib.
İran XİN-nin sözçüsü İsmayıl Bəqainin qərəzli iddiası göstərir ki, bu ölkənin daxilində müəyyən siyasi dairələr münasibətləri süni şəkildə gərginləşdirməyə çalışır. Azərbaycan hər zaman insan hüquqlarına və ikitərəfli razılaşmalara hörmət prinsiplərini rəhbər tutub. Saxlanılan əcnəbi vətəndaşlarla, o cümlədən iranlı məhkumlarla bağlı tətbiq olunan qaydalar şəffaf hüquqi prosedurlara əsaslanır.
Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edildiyi kimi, iranlı məhkumlara ailə üzvləri ilə görüşmək, telefon əlaqəsi saxlamaq, tibbi xidmətlərdən istifadə etmək, konsulluq nümayəndələri ilə əlaqə qurmaq və bəzi penitensiar müəssisələrdə görüntülü danışıq imkanı yaradılıb. 2025-ci ilin ötən dövründə İranın ölkəmizdəki səfirliyi ilə birlikdə 37 iranlı məhkumun konsulluq görüşləri təşkil olunub.
Açıqlanan bu faktlar Azərbaycanın beynəlxalq öhdəliklərə və humanist dəyərlərə sadiqliyini nümayiş etdirir. İranda həbs edilmiş Azərbaycan vətəndaşlarına münasibətdə analoji yanaşmanın mövcud olmadığı isə faktlar əsasında təsdiqini tapıb. Ölkəmizlə münasibətlərdə gərginliyin artdığı məqamlarda İrana səfər edən vətəndaşlarımızın əsassız şəkildə saxlanılması, hüquqlarından istifadə imkanlarının məhdudlaşdırılması, ailələrinin onlar haqqında uzun müddət heç bir məlumat ala bilməməsi faktlarına dəfələrlə rast gəlinib.
Bununla bağlı bir sıra konkret nümunələr də mövcuddur. 2012-ci ildə azərbaycanlı yazarlar – Fərid Hüseyn və Şəhriyar Hacızadə İran xüsusi xidmət orqanları tərəfindən saxta və əsassız ittihamlarla saxlanılmış, məsuliyyətə cəlb olunmuşdu. Onların yalnız rəsmi Bakının diplomatik müdaxiləsindən, sərt etirazlarından sonra azadlığa buraxılması rəsmi Tehranın bu məsələdə beynəlxalq hüquqa əsl “münasibətinin” təzahürü olub.
2023-cü ildə Azərbaycan vətəndaşı Fərid Səfərli İran ərazisində saxlanılıb və ailəsi onun barəsində uzun müddət heç bir məlumat ala bilməyib. Bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən ona qarşı “casusluq” ittihamı iərli sürülsə də, məhkəmə bu ittihamı “casusluğa cəhd”lə əvəzləyib. Yalnız Azərbaycanın dövlət qurumlarının müdaxiləsi və aparılan danışıqlardan sonra həbs edilən vətəndaşı 2024-cü ilin yanvar ayında Azərbaycana qaytarmaq mümkün olub. İranda saxlanılan vətəndaşlarımızın verdiyi ifadələrdən bəlli olur ki, bu ölkənin həbsxanalarında insan hüquqları faktiki olaraq təmin edilmir, müdafiə və ailələri ilə ünsiyyət imkanları ciddi şəkildə məhdudlaşdırılır.
Belə olan təqdirdə İran tərəfinin Azərbaycana qarşı “məhkumlarla pis davranış” ittihamı ilə çıxış etməsi beynəlxalq ictimaiyyəti çaşdırmaq, diqqəti özünün hüquq pozuntularından yayındırmaq məqsədi daşıyır. Bu iddialar, eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək, onu ikitərəfli razılaşmalara əməl etməyən tərəf kimi göstərmək cəhdidir. Halbuki, ölkənin həm daxili qanunvericiliyi, həm də tərəfdar çıxdığı beynəlxalq müqavilələr bu cür halların baş verməsinə imkan vermir.
Bu əsassız açıqlamalar fonunda İranın rəsmi mövqeyində müəyyən ziddiyyətlərin mövcudluğunu da xüsusi qeyd etmək lazım gəlir. Belə ki, Prezident Məsud Pezeşkianın bu ilin iyul ayında ölkəmizə səfərindən sonra ikitərəfli münasibətlərdə müsbət dinamika artıb. İran Prezidenti və digər rəsmiləri ikitərəfli münasibətlərin normallaşdırılması vacibliyinə dair açıqlamalar veriblər. Eyni zamanda, iki ölkənin diplomatik təmaslar, qarşılıqlı səfərlər, dialoqlar intensivləşib. Lakin belə görünür ki, İran daxilində müəyyən dairələr bu istiqamətdə irəliləyişə mane olmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər.
Əslində, İranın bu davranışları onun regiondakı “geosiyasi maraqları” ilə bağlıdır. Azərbaycan bölgədə müstəqil, balanslı siyasət yürüdür, beynəlxalq enerji və nəqliyyat layihələrində fəal iştirak edir, Avropaya alternativ enerji marşrutlarının formalaşmasında əsas oyunçulardan biri kimi çıxış edir. Budan narahatlıq keçirən İranın hakim dairələri süni gərginliklər yaratmaqla bu prosesə “təsir göstərməyə” çalışırlar. İranın Ermənistanla yaxın münasibətlər qurması, əleyhimizə məkrli kampaniyalarda iştirakı da diqqətdən yayınmamalıdır.
Azərbaycan isə bu təxribatlara uymadan, beynəlxalq hüquqa söykənən, şəffaf və sivil yanaşma nümayiş etdirir. Bu mövqe nəinki İranla, ümumiyyətlə, bütün qonşu dövlətlərlə münasibətlərdə əsas prinsip kimi qəbul edilib. Ölkəmiz hüququn aliliyini qoruyur, istər İran vətəndaşları, istərsə də digər əcnəbi məhkumlara münasibətdə beynəlxalq hüquqda mövcud eyni standartları tətbiq edir.
MTM Analitik Qrup