İranda 13-cü çağırış prezident seçkiləri yerli vaxtla bu gün saat 07:00-da başlayıb.
Seçkilərdə prezidentlik uğrunda 4 namizəd – İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, İranın Məhkəmə Sisteminin sədri İbrahim Rəisi, İran parlamentinin sədr müavini Əmir Hüseyn Qazizadə Haşemi və İranın Mərkəzi Bankının sabiq baş direktoru Əbdülnasir Hemməti rəqabət aparır.
Prezident seçkilərində namizədlərin üçü mühafizəkarlar düşərgəsi, biri isə (Əbdülnasir Hemməti) islahatçılar düşərgəsindəndir.
Prezident seçkilərinin gecə saat 00:00-dək davam etməsi nəzərdə tutulub və lazım gələrsə, 02:00-dək davam edə bilər.
İranda bölgü əsasında 31 vilayət, 450 rayon var. 13-cü çağırış prezident seçkilərində 59,3 milyon seçici iştirak edə bilər.