İRANDA HƏBS EDİLƏN AZƏRBAYCAN VƏTƏNDAŞI İLƏ GÖRÜŞÜN KEÇİRİLMƏSİ ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR

İranda həbs olunan Azərbaycan vətəndaşı Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib.

Ayxan Hacızadə qeyd edib ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni, martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı səfirliyinə nota ünvanlanıb. Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib.

“Məlum terror hadisəsi ilə bağlı Azərbaycanın İrandakı diplomatik təmsilçiliyinin məhdud olmasına baxmayaraq, Fərid Səfərli barədə məlumat verildiyi ilk gündən etibarən həm Xarici İşlər Nazirliyi, həm də Təbrizdəki Baş konsulluğumuz tərəfindən İranın aidiyyəti qurumları ilə müzakirələr aparılır. Bununla yanaşı, Fərid Səfərlinin ailəsi və özü ilə mütəmadi əlaqə saxlanılır. Yaxın zamanlarda Təbrizdəki Baş konsulluğumuzun Fərid Səfərli ilə görüş keçirməsi üçün tədbirlər görülür”, – deyə Azərbaycan XİN-in sözçüsü vurğulayıb.