İRAN ZƏNGƏZUR DƏHLİZİNƏ QARŞI ÇIXMAQLA, ERMƏNİSTANI TƏSİRİ ALTINDA SAXLAMAĞA ÇALIŞIR

Ermənistan hakimiyyətinin postmüharibə dövründə müntəzəm təkrarlanan destruktiv siyasi gedişlərindən biri də qlobal güc mərkəzlərini Cənubi Qafqaz regionunda üz-üzə qoymaq, süni gərginlik, qarşıdurmaq yaratmaq və bu yolla üzərinə götürdüyü öhdəliklərdən yayınmaqdır. Qarşı tərəfin kommunikasiyaların açılması məsələsində ilk gündən nümayiş etdirdiyi qeyri-səmimi mövqe hazırda özünü daha qabarıq biruzə verir.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası Rusiyanın vasitəçiliyi ilə imzalanmış 2020-ci ilin 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr 2021-ci tarixli üçtərəfli bəyanatlarda əksini tapıb. Buna baxmayaraq, rəsmi İrəvan ötən müddətdə Zəngəzur dəhlizinin reallaşdırılması prosesini süni şəkildə yubatmağa, müxtəlif bəhanə və iddialarla vaxt udmağa çalışıb. Ermənistan rəhbərliyi hazırda nəinki sülh və əməkdaşlıq üçün yaranmış imkanları dəyərləndirmir, Rusiya və Türkiyənin, Orta Asiya ölkərinin maraqlarına qarşı çıxır. Rəsmi İrəvan Azərbaycan, Türkiyə və Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı əsaslı tələblərinə qarşı “İran kart”nı işə salmağa cəhdlər edir.
İran rəsmilərinin son aylarda müxtəlif açıqlama və ittihamlar irəli sürərək Moskvanı Zəngəzur Dəhlizi ilə mövqeyindən çəkindirmək cəhdləri isə uğursuzluqla nəticələnir. Sentyabrın 14-də Ermənistana səfər edən Rusiya baş nazirinin müavini Aleksey Overçuk rəsmi İrəvana öhdəliklərini bir daha xatırladaraq deyib: “Bildirmək istəyirəm ki, kommunikasiyaların açılması üç dövlətin (Azərbaycan, Rusiya Federasiyası və Ermənistan) liderləri arasında əldə edilmiş və 9 noyabr 2020-ci il tarixli birgə bəyanatda öz əksini tapmış razılaşmalar çərçivəsində mümkündür”.

Zəngəzur dəhlizini əsassız olaraq “İranla Ermənistan arasında sərhədlərin qırılması”, “ərazi dəyişikliyi” kimi şərh etməyə çalışan İran, əslində, regionda geosiyasi və geoiqtisadi əhəmiyyətinin zəifləməsindən narahatdır. Zəngəzur Dəhlizinin açılması Azərbaycanın Naxçıvana maneəsiz nəqliyyat və dəmiryolu xətti əldə etməsi, Türkiyəyə daha asan çıxış imkanı qazanması, Orta Asiya və Uzaq Şərq üçün tranzit əhəmiyyətini ciddi şəkildə artırmasıdır. Rəsmi Tehran Türkiyə və Azərbaycanın birbaşa dəhlizlə əlaqə yaratmalarını, regional bağları daha da gücləndirmələrini özü üçün təhdid kimi qəbul edir.
Ekspertlərin fikrincə, Zəngəzur dəhlizinin Orta Dəhlizə inteqrasiyası Azərbaycan ərazisindən illik təxminən 35 milyon ton yükün daşınmasına imkan verəcək. Bu dəhlizin açılması regionda yeni reallıqlar yaratmaqla, kök bağları eyni olan türkdilli ölkələrin iqtisadi-siyasi əlaqələrinin güclənməsinə zəmin yaradacaq. Eyni zamanda, strateji müttəfiqimiz olan Türkiyə öz mallarını Orta Asiyaya daha qısa və alternativ yolla daşımaq imkanı əldə edəcək.

Azərbaycan kommunikasiyalar mövzusunda qonşu İranın da maraqlanı nəzərə alır. Şərqi Araz Dəhlizi adlanan alternativ layihənin reallaşdırılması deyilənlərin təsdiqidir. Bu kommunikasiya xətti Azərbaycanla İran arasında Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvanı birləşdirən yeni nəqliyyat dəhlizinin yaradılması haqqında imzalanan “Qarşılıqlı Anlaşma Memorandumu” ilə razılaşdırılıb. Razılaşmaya əsasən Araz çayı üzərindən ikisi dəmiryolu, ikisi avtomobil yolu olmaqla, yeni yolların tikintisi həyata keçirilməkdədir. Həmin dəmir və avtomobil yolları Naxçıvana və əks istiqamətə yüklərin və sərnişinlərin daşınmasını həyata keçirəcək.

Görünən odur ki, İran Azərbaycanın əsas hisssi ilə Naxçıvanı birləşdirəcək kommunikasiyaların yalnız öz ərazisindən keçməsini, Ermənistan bundan sonra da dalan dövlət olaraq qalmasını istəyir. Bu məqsədlə də özünü Ermənistanın qeyri-səmimi himayədarı kimi aparırır, bu ölkənin ərazisindən strateji əhəmiyyətli nəqliyyat-kommunikasiya xətlərinin keçməsinə qarşı çıxır. Məqsəd həm də Ermənistanı iqtisadi və tranzit baxımından mümkün qədər İrandan asılı vəziyyətdə saxlamaqdır.

Eyni zamanda, İran Orta Asiya və Uzaq Şərq ölkələri üçün tranzit cəlbediciliyini itirə biləcəyindən narahatdır.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi fonunda Ermənistan üçün hazırda yeganə dividend və təsəlli regional kommunikasiyaların bərpası, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması, özünütəcrid vəziyyətindən çıxması ola bilər.

MTM Analitik Qrup