İranda anti-Azərbaycan əhval-ruhiyyəsi yenidən qızışdırılır. Dövlət siyasətinin tərkib hissəsi kimi görünən bu kampaniyada yenə də əli hakimiyyətin ətəyində olan din adamlarından və onların ətrafına toplaşan azərbaycanlı soydaşlarımızdan istifadə edilir. Bu günlərdə Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısına qarşı təhqiramiz ifadələr səsləndirilməsi bunun bariz nümunəsidir. Bu hadisəyə görə İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb, İran tərəfinə sərt etiraz bildirilib, son zamanlarda İranda əhali arasında açıq şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb.
Əslində, Azərbaycanın Tehrandakı səfirliyində baş verən terror hadisəsindən sonra rəsmi Bakı İran hakimiyyətinin xahişlərini və ikitərəfli münasibətlərin əhəmiyyətini nəzərə alaraq yenidən səfirliyin fəaliyyətinin bərpası ilə bağlı addımlar atdı. İranın mərhum Prezidenti İbrahim Rəisinin Prezident İlham Əliyevlə görüşündə ikitərəfli münasibətlərin normal axarına qaytarılması, əldə edilən razılaşmaların yerinə yetirilməsi ilə bağlı ortaq fikirə gəlindi. İranın yeni prezidenti Məsud Pezeşkianın Azərbaycanla münasibətlərin inkişafına dair verdiyi bəyanatlar da Tehran administrasiyasının Bakı qədər ikitərəfli əməkdaşlığa önəm verdiyini göstərirdi. Lakin İranın Ali dini rəhbərliyinin sifarişi ilə Ərdəbil mollalarının yenidən münasibətlərə xələl gətirəcək addımlar atması Tehranın səmimi olmadığını bir daha nümayiş etdirmiş oldu.
İkinci Qarabağ müharibəsinin gedişində və ondan sonrakı dövrdə İran hakimiyyətinin Azərbaycana qarşı yönəlmiş təxribatlarını məhz soydaşlarımızın əli ilə həyata keçirilməsi təsadüfi deyil. Bu, əvvəlcədən hazırlanan planın tərkib hissəsidir, Azərbaycan və Türkiyəyə, o cümlədən Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevə qarşı sərt və təhqiramiz ifadələrin yer aldığı bəyanatlar əslində, yeni diplomatik gərginlik üçün əsasdır. Ən əsası isə bu vəziyyəti yaradan səbəblərdir və bu səbəblər ilk növbədə həm İrandakı daxili vəziyyətlə, həm də onun regiondakı nüfuzunu itirməsi, geosiyasi balansın pozulması ilə bağlıdır. Bildiyimiz kimi, 13 il davam edən Suriya böhranın həll edilməsindən sonra İranın beynəlxalq təsir imkanları xeyli daralıb, onun Yaxın Şərqdə təsir və təzyiq imkanları itib. Əvvəlki illərdə Suriya və Yəməndə müharibələrə qarışan İran üzləşdiyi uğursuzluqlar nəticəsində nüfuzdan düşüb, onun hərbi imkanları ilə bağlı yaratdığı mif də dağılıb. Əvəzində Qərbin dəstəyi ilə Türkiyənin Suriyada fəallığı ələ alması, yeni Suriya adminstrasiyasının Türkiyə ilə işləməklə bağlı seçimini etməsi Tehranı demək olar ki, oyundankənar vəziyyətə salıb. Prezident Rəcəb Tayyib Ərdoğanın bu naliyyəti təbii ki, İranın xoşuna gəlmir və Ankaranın Tehranın Suriyadakı oylağını dağıtması beynəlxalq münasibətlərdə yeni reallıq yaradıb ki, İran istəsə də, istəməsə də bu reallıqla barışmalıdır. Hazırda Tehranın Ankara ilə münasibətlərində mübahisələr getdikcə artır. Belə vəziyyətdə İran öz mövqeyini qorumaq və regional gücünü göstərmək üçün Azərbaycanın üzərində təzyiq yaratmağa çalışır. Türkiyəyə söz deməyə birbaşa cürət etməyən İran, Azərbaycanı hədəf alaraq, öz daxili və xarici siyasətindəki zəifliklərini ört-basdır etməyə çalışır.
Bu davranış forması isə Bakıya da, Ankaraya da tanışdır. İran hər zaman Azərbaycan və Türkiyənin birgə fəaliyyətlərinə qarşı bu növ təxribatlarla çıxış edib. İndiki dövrdə isə İran hakimiyyəti hesab edir ki, regionda yaranacaq yeni gərginlik və qeyri-sabitlik onun maraqlarının güclənməsinə xidmət edəcək. Lakin məsələnin başqa bir tərəfi də var ki, bu cür davam etdiyi təqdirdə İran qonşuluğundakı Azərbaycan və Türkiyə kimi güclü ölkələri də itirə bilər. Bu isə İranın tamamilə təklənməsinə, onun beynəlxalq təzyiqlər qarşısında müdafiəsiz qalmasına səbəb olar.
MTM Analitik Qrup