Türkmənistan, İran və Azərbaycan arasında qazla bağlı əməkdaşlıqlar və qaz svopu üzrə müsbət addımlar atılıb.
İran Prezident Aparatının informasiya portalında xəbər verilir ki, bunu İran Prezidenti İbrahim Rəisi Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla telefon söhbətində deyib.
İ.Rəisinin sözlərinə görə, İran və Türkmənistan arasında nəqliyyat və məhsul tranziti sahəsində birgə əməkdaşlıqlar davam etdirilir. İki dövlətin səyi ilə bu sahədə mövcud olan bəzi maneələr aradan qaldırıla bilər.
Telefon söhbətində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov da Azərbaycan və Türkmənistan arasında İran üzərində qaz svopu müqaviləsini əhəmiyyətli müqavilə adlandırıb və bu sahədə üç ölkə arasında birgə əməkdaşlıq komissiyasının yaradılmasını istəyib.
Q.Berdiməhəmmədov bildirib ki, Aşqabad İran və Türkmənistan arasında ikitərəfli münasibətlərin, eləcə də ticarət və səhiyyə sahəsində əlaqələrin inkişaf etdirilməsini dəstəkləyir.
Qeyd edək ki, noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana tədarük edilməsi üzrə üçtərəfli müqavilə imzalanıb. Müqavilənin icrasına dekabrın 22-dən başlanılacağı və gündəlik 5-6 milyon kubmetr qazın nəqli gözlənilir.