İRAN PREZİDENTİ AZƏRBAYCANA SƏFƏRİNİ MÜSBƏT QİYMƏTLƏNDİRİB

Azərbaycan Prezidenti İlham Əliyevlə görüş müsbət və dostluq şəraitində təşkil olunub.

Bunu İran prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə Görüşündən qayıtdıqdan sonra Tehranda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu görüşdə iqtisadi və regional əməkdaşlıq sahəsində müsbət razılıqlar formalaşıb.

İran prezidenti deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla baş tutan görüş çox müsbət və konstruktiv olub. Bu görüşdə iqtisadi məsələlər diqqət mərkəzində saxlanılıb və gələcək diplomatik koordinasiyalar haqda məsləhətləşmə aparılıb.

Pezeşkian qeyd edib ki, Pakistan baş naziri Məhəmməd Şahbaz Şəriflə baş tuan görüşdə konstruktiv müzakirələr aparılıb. Qarşılıqlı anlaşmalar və iki ölkə münasibətlərinin inkişafı istiqamətində lazımi dəstəklərlə bağlı səylərin göstərilməsi qeyd olunub. Görüşdə, həmçinin, diplomatik və birgə iqtisadi əməkdaşlığın gücləndirilməsi diqqət mərkəzində saxlanılıb.

İran prezidenti əlavə edib ki, Tacikistan prezidenti Emoməli Rəhmonla baş tutan görüşdə iki ölkə arasında iqtisadi, elmi və nəqliyyat sahələrində əlaqələrin inkişaf etdirilməsini vacibliyi qeyd olunub. Görüşdə iki ölkənin əməkdaşlıq prosesinin gücləndirilməsi vurğulanıb.

“Belə səfərlər müsəlman ölkələri arasında əlaqələrin gücləndirilməsinə şərait yarada bilər. Elmi, nəqliyyat, mədəniyyət sahələrində rəsmilər və mütəxəssislər daha aktiv olmalıdırlar. Qarşılıqlı səfərlər sadəcə prezidentlər səfiyyəsi ilə məhdudlaşmamalıdır. Nazirlər və nazir müavinləri əldə olunan razılaşmaları öz iş gündəmlərində saxlamalıdırlar”, – deyə o bildirib.

Xatırladaq ki, 4 iyulda Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə Görüşü keçirilib.