İRAN İSLAM İNQİLABININ 43-CÜ İLDÖNÜMÜ QEYD OLUNUR

Bu gün İranda İslam İnqilabının banisi Ayətullah Ruhullah Xomeyninin 15 illik mühacirətdən sonra vətənə qayıdışı günü qeyd olunur.
Siyasi baxışlarına görə həbslərə və məhrumiyyətlərə məhkum edilən Ruhullah Xomeyni ölkəni tərk etmək məcburiyyətində qalmışdı. Ayətullah Xomeyni 1979-cu ilin fevralın 1-də Parisdən Tehrana qayıdıb. Tehranda onu 3 milyondan çox insan qarşılayıb. Ölkəyə qayıdan Xomeyni inqilaba rəhbərlik edib və şah rejimini devirərək ölkənin Ali Rəhbəri vəzifəsinə seçilib.
Onun Tehrana qayıdışından 10 gün sonra – fevralın 11-də ölkədə inqilab baş verib. Həmin 10 günlük müddət İranda “Fəcr ongünlüyü” adlanır və hər il təntənəli tədbirlərlə qeyd olunur.
Hər il fevralın 1-də İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi inqilabın banisi Ruhullah Xomeyninin türbəsini ziyarət edərək, orada namaz qılır, şəhidlərin xatirəsini anır.