
İranda başlanan, hələ də davam edən etiraz aksiyaları kontekstində cənub qonşumuz baş verənlərin bir kökünün də xarici mənbələrə gedib çıxdığını iddia edir. Bu kontekstdə həmişəki kimi İran və İsrail əsas tənqid hədəfləridir. Amma son vaxtlar onların sırasına digər bir sıra ölkələr, məsələn, Ermənistan da daxil edilib. İran rəsmi səviyyədə Ermənistanı onun əleyhinə iş aparmaqda ittiham edir. Hər halda İranın Ermənistandakı səfiri Xəlil Şirqolaminin açıqlamaları da bunu təsdiq edir və iki ölkə arasında münasibətlərin gərgin bir mərhələyə daxil olduğunu göstərir.
Səfir açıq mətnlə vurğulayır ki, ki, Tehran Ermənistanın İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrildiyi təəssüratındadır: “İrandakı hadisələr İsrail və ABŞ tərəfindən ölkəmizi bölmək məqsədi ilə planlaşdırılıb və əgər bu baş verərsə, əminliklə deyə bilərəm ki, Ermənistan uduzanlardan biri olacaq”. O bildirib ki, altı gündür, saat 18:00-dan 21:00-dək bir qrup insan İrəvandakı səfirliyin qarşısında ədəbsiz və təhqiramiz ifadələrlə müşayiət olunan etiraz aksiyaları keçirir: “Biz dəfələrlə Ermənistanın müvafiq orqanlarına şikayətimizi bildirmişik, lakin piket iştirakçıları cəzasızlıqla hərəkət edirlər. Ən çətin dövrlərdə biz Ermənistan xalqının və hökumətinin yanında olduq. Bunun bir çox nümunəsi var. Bu gün biz çətin vəziyyətdəyik. Və Ermənistandakı İran səfirliyinin qarşısında baş verən hadisələr İran xalqının tarixi yaddaşında qalacaq. Düşünürəm ki, fikrimi aydın şəkildə ifadə etdim”. Şirqolami qeyd edib ki, diplomatlar narahatlıqlarını erməni tərəfdaşlarına çatdırıblar və Ermənistanın heç vaxt İran üçün təhdid mənbəyinə çevrilməyəcəyinə ümid ediblər.
Bununla yanaşı, TRIPP layihəsi çərçivəsində işlərin sürətlənməsi də İran tərəfini ciddi narahat edir. Xəlil Şirqolami bu xüsusda da açıq danışıb: “ İran ABŞ-ın İslam Respublikasına qarşı mümkün hərəkətlərində “Tramp yolu”ndan istifadə edə biləcəyindən narahatdır”. Bundan öncə isə ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda “Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu”nun (TRIPP) icra çərçivəsinin açıqlanmasını elan etmək üçün görüşüblər. Bu sənəd Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün 8 avqust 2025-ci ildə Ağ Evdə qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılan son addımdır.
ABŞ Dövlət Departamenti bildirir ki, çərçivə Ermənistan ərazisində maneəsiz, multimodal tranzit əlaqəsi yaratmaq məqsədi daşıyan TRIPP-in fəaliyyətə başlaması üçün konkret bir yol göstərir: “Prezident Trampın ev sahibliyi etdiyi 8 avqust 2025-ci il tarixində keçirilən tarixi Sülh Zirvəsində təsdiq edilmiş prinsipləri əks etdirən TRIPP icra çərçivəsi TRIPP-in ümumi uğuru üçün suverenliyin, ərazi bütövlüyünün və qarşılıqlılığın vacibliyini vurğulayır. TRIPP-in əsas məqsədi regional ticarət və əlaqələri genişləndirməklə, eləcə də Mərkəzi Asiya və Xəzər dənizini Avropa ilə birləşdirən yeni tranzit imkanları yaratmaqla Ermənistan və Azərbaycanın rifahını və təhlükəsizliyini gücləndirmək, Amerika ticarətini daha da inkişaf etdirməkdir”.
Xatırlatmaq lazım gəlir ki, İran daim TRIPP layihəsi və ya Zəngəzur dəhlizinə qarşı çıxıb. Halbuki, bu, İranın da iqtisadi inkişafı üçün yeni imkanlar vəd edir. Lakin rəsmi Tehran həqiqəti qəbul etməyib, bununla belə layihənin reallaşmasının qarşısnı ala bilməyib. Zəngəzur dəhlizinin inşası, həmçinin, İranın Ermənistandakı səfirliyi qarşısındakı aksiyalar Tehranı İrəvandan incik salıb. Ancaq görünən budur ki, Ermənistan İranın incik düşməsindən zərrə qədər də narahat deyil.
İranın İrəvandakı səfiri Xəlil Şirqolamiyə cavab olaraq Ermənistan Daxili İşlər Nazirliyi bildirir ki, qurum vətəndaşların hərəkət azadlığı və dinc etiraz aksiyaları hüquqlarına ölkə qanunları və beynəlxalq öhdəliklər çərçivəsində mane olmamağa borcludur. Daxili İşlər Nazirliyi ona da aydınlıq gətirib ki, “Diplomatik Münasibətlər haqqında” Vyana Konvensiyası, eləcə də digər beynəlxalq və ikitərəfli öhdəliklər çərçivəsində Ermənistan dost İran səfirliyi də daxil olmaqla, ölkədə akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin edir və onların normal fəaliyyəti üçün lazımi şəraiti təmin edir: “Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı İranın Ermənistandakı səfirliyi ilə daimi işgüzar əlaqə saxlayır”. Eyni zamanda, qey dedilir ki, qanuna uyğun olaraq, Daxili İşlər Nazirliyi həm etirazçıların, həm də səfirlik binasının təhlükəsizliyini təmin edib. Vurğulanır ki, Daxili İşlər Nazirliyi qanunla müəyyən edilmiş qaydada dinc toplantılara dəstək verməyə davam edəcək. Bildirilir ki, qurum Ermənistan Konstitusiyası,” Sərbəst Toplaşmaq Azadlığı haqqında” Qanun və beynəlxalq öhdəlikləri çərçivəsində vətəndaşların hərəkət azadlığı və dinc toplaşmaq hüquqlarının həyata keçirilməsinə mane olmamağa borcludur. Bütün bunlar o deməkdir ki, Tehranın əndişələrinə rəğmən, İranın Ermənistandakı səfirliyi qarşısnda aksiyalar bundan sonra da davam edəcək və hətta onların miqyasının genişlənməsi də istisna deyil. Ermənistanın müvafiq qurumları buna əngəl olmayacaq.
İranı xüsusən incidən odur ki, Azərbaycan əraziləri Ermənistanın işğalı alıtında olarkən, Tehran İrəvanla münasibətləri kəsmədi, İslam həmrəyliyini ayaqlar altına atmaqdan çəkinmədi. Əksinə, İranın yardımları sayəsində də Ermənistan işğal siyasətini 30 ilə yaxın müddətdə davam etdirə bildi. İkinci Qarabağ müharibəsi, ondan sonrakı dövrdə də İran Ermənistanın əsas dəstəkçilərindən biri oldu. Bütün bunların əvəzində indiki vəziyyətdə Ermənistanda İran əleyhinə aksiyalar Tehranı qəzəbləndirir, erməni tərəfi nankorluqda ittiham olunur. Hər halda Xəlil Şirqolaminin dedikləri də bunu təsdiq edir. Amma Ermənistan həmişəki Ermənistandır, maraqları nəyi tələb edirsə, o istiqamətdə də addım atır, lazım olanda da ənənəvi müttəfiqlərinə çəkinmədən xəyanət edir, bir hamisini o birinə rahatlıqla dəyişir. Hər halda Rusiyadan sonra İran da bunu indi konkret faktlar timsalında görür. Lakin necə deyərlər, sonraka peşmançılıq fayda verməz.
İndi heç istisna deyil ki, İrana qarşı kəşfiyyat məlumatlarının tolanmasında Ermənistan ərazisindən hərtərəfli istifadə edilir. Bu arada onu da xatırlatmaq yerinə düşərdi ki, ABŞ-ın ştat sayı baxımından dünyada ikinci ən böyük səfirliyi məhz Ermənistanda yerləşir. “The Washington Post” qəzetinin məlumatına görə, indiki vəziyyətdə amerikalılar Avropa müttəfiqlərindən İslam Respublikasındakı hədəflər barədə kəşfiyyat məlumatları istəyiblər. Ermənistanda isə Avropa İttifaqının mülki müşahidə missiyası altında əsasən kəşfiyyatçılardan və keçmiş hərbçilərdən ibarət monitorinq missiyası fəaliyyət göstərir. Avropanın digər kəşfiyyat orqanlarının da Ermənistanda sərbəst fəaliyyətinə lazımı şərait yaradıldığına heç bir şübhə yoxdur.
Bütün bunlar İranla bağlı proseslərin hələ gərgin məcrada inkişaf edəcəyini göstərir. Eyni zamanda görünən həm də odur ki, İrana qarşı Ermənistan əsas platsdarmlardan biri kimi istfadə olunacaq.
MTM Analitik Qrup
