
Son illərdə İran-Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik regionda formalaşan yeni geosiyasi düzənlə sıx bağlı idi. Xüsusilə 2020-ci ildən sonra Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, İsraillə strateji əməkdaşlığını gücləndirməsi, Zəngəzur dəhlizi məsələsində tutduğu mövqe və Tehran rejiminin bəzi təxribatçı davranışları iki qonşu dövlət arasında qarşılıqlı etimadı sarsıtmışdı. Münasibətlərdəki gərginliyin kökləri bir neçə strateji və ideoloji məsələyə dayanırdı. İran rejimi hələ də Azərbaycanın İsraillə sıx hərbi və kəşfiyyat əməkdaşlığını təhlükə kimi qəbul edir və bunu ölkənin milli təhlükəsizliyinə təhdid sayır. Digər tərəfdən, Tehran Azərbaycan ərazilərində özünün dini-siyasi təsir imkanlarının zəifləməsindən də narahat idi. Bundan əlavə, 2022-ci ildə Tehrandakı səfirliyimizə qarşı həyata keçirilən terror aktı, İran sərhədi boyunca keçirilən hərbi təlimlər və rəsmi şəxslərin sərt ritorikası iki ölkə arasında diplomatik münasibətləri minimuma endirmişdi. Nəticədə İranın Azərbaycandakı səfiri geri çağırılmış, Bakı da qarşılıqlı olaraq münasibətləri dondurmuşdu. Lakin 2024-cü ilin sonlarından başlayaraq Tehran və Bakı qarşılıqlı münasibətləri normallaşdırmaq üçün səmərəli kanallar açmağa başladılar. Əvvəlcə İranın xarici işlər nazirinin müavinləri Azərbaycana səfərlər etdi, ardınca parlament nümayəndələri qarşılıqlı görüşlər keçirdilər. İranın yol və şəhərsalma nazirinin Bakıya səfəri zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı konkret razılaşmalar əldə olundu. Bu cür diplomatik aktivlik fonunda İranın Azərbaycana yeni səfir təyin etməsi regional diplomatiyada əhəmiyyətli hadisə kimi qiymətləndirilməlidir.
Yeni səfir Müctəba Dəmirçili təcrübəli diplomatdır və o, Avrasiya üzrə ixtisaslaşıb. Bu təyinat İranın Azərbaycanla münasibətləri daha konstruktiv və diplomatik əsasda qurmaq istədiyini göstərir. Bu baxımdan yeni səfirin əsas vəzifəsi ilk növbədə, itirilmiş etimadı bərpa etmək, iqtisadi və mədəni əməkdaşlığı canlandırmaq, eləcə də siyasi dialoqun davamlılığını təmin etmək olacaq. Bu kontekstdə ikitərəfli komissiyaların fəaliyyətinin gücləndirilməsi, iqtisadi münasibətlərin davam etdirilməsi, sərhəd təhlükəsizliyi ilə bağlı dialoqun intensivləşməsi prioritet istiqamətlərdir. Mühüm məqam həm də ondan ibarətdir ki, İran yeni səfir vasitəsilə Azərbaycanın suverenliyinə hörmət göstərmək, daxili işlərinə qarışmamaq və regionda sabitliyə töhfə vermək istədiyini nümayiş etdirmək məcburiyyətindədir. Əks təqdirdə, səfirin fəaliyyəti simvolik səviyyədən kənara çıxmayacaq.
Azərbaycan üçün də İranla münasibətlərin normallaşması regional təhlükəsizliyin təminatı baxımından əhəmiyyətlidir. Bakı hər zaman bildirib ki, qonşularla qarşıdurma yox, əməkdaşlıq arzulayır. İranın Zəngəzur dəhlizi məsələsində sərt mövqeyi və Ermənistanla dərinləşən əlaqələri narahatlıq yaratsa da İran-Azərbaycan sərhədində sabitliyin qorunması, ticarət və enerji sahələrində əməkdaşlığın bərpası Bakının maraqlarına uyğundur. Bununla yanaşı, Azərbaycan tərəfi Tehranın qeyri-səmimi və ya ikili siyasət yürütməyəcəyinə dair əlamətlər gözləyir. Azərbaycanın Qarabağdakı suverenliyini tanıyan və onun İsraillə münasibətlərinə hörmətlə yanaşan İran yalnız bu halda Bakı ilə qarşılıqlı inam qurmağa nail ola bilər.
İranın Azərbaycana yeni səfir təyin etməsi ikitərəfli münasibətlərin yavaş-yavaş normallaşdığını göstərir. Lakin bu proses dayanıqlı olmalıdır. Qarşılıqlı iqtisadi maraqlar və regionda sabitliyin qorunması məqsədi yaxın gələcəkdə bu münasibətlərin yenidən yüksək səviyyəyə çatdırılmasına şərait yarada bilər. Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı qarşılıqlı anlaşmaların əldə olunması bu prosesin açar nöqtəsinə çevriləcək. Digər tərəfdən, İran daxilindəki ideoloji dairələrin Azərbaycana münasibətdə sərt xətt tərəfdarı olması bu yumşalma prosesinin davamlılığını şübhə altına ala bilər. Azərbaycan isə öz növbəsində bu prosesi ehtiyatla və realizmlə qarşılayaraq milli maraqlarından çıxış etməyə davam edəcək.
MTM Analitik Qrup