İRAN ƏSASSIZ İDDİALARINDAN ƏL ÇƏKƏRƏK AZƏRBAYCANLA PRAQMATİK ƏMƏKDAŞLIĞA ÜSTÜNLÜK VERİR

Azərbaycan-İran münasibətləri yeni geosiyasi reallıqlar fonunda hazırda intensiv inkişaf mərhələsinə qədəm qoyub və qarşılıqlı maraqlar əsasında inkişaf edir. Xüsusən də bu ilin avqust ayında Vaşinqton şəhərində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, iki ölkə arasında Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bağlı əldə edilmiş mühüm razılaşmalar İranın regionla bağlı müəyyən əsassız iddialarının aradan qalxmasını təmin edib.

Aşkar görünür ki, rəsmi Tehran son aylarda regional siyasətdə praqmatik yanaşmaya üstünlük verməli olub. Regional inteqrasiya proseslərinə qarşı çıxmağın mənasızlığı fonunda İran hazırda Cənubi Qafqazda sülh və sabitlikdə maraqlı olduğunu bəyan edir.

Prezident İlham Əliyevin dekabrın 8-də İranın xarici işlər naziri Seyid Abbas Əraqçının rəhbərlik etdiyi nümayəndə heyətinin qəbul etməsi və aparılan müzakirələr ikitərəfli münasibətlərin yeni mərhələyə keçidinin bariz göstəricisidir. Görüş zamanı dövlət başçısı Azərbaycan-İran əlaqələrinin dərin tarixi köklərə əsaslandığını, xalqlarımızın uzun müddət bir bölgədə yaşamasının münasibətlərə xüsusi məna verdiyini, son aylarda mövcud əlaqələrin bütün istiqamətlərdə intensivləşdiyini vurğulayıb. Onu da bildirib ki, hazırda iki ölkə arasında əməkdaşlığı tənzimləyən geniş gündəlik iqtisadi, ticarət, energetika, nəqliyyat və digər sahələri əhatə edən konkret yol xəritələri ilə dəstəklənməlidir.

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı təşəbbüsləri kontekstində ciddi sınaqlardan keçən İran-Azərbaycan münasibətləri bu il sabitlik və etimad mərhələsinə adlayıb. Xüsusilə 2025-ci ilin aprel ayında İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri, dövlət başçılarının səmərəli müzakirələri, əldə olunan razılaşmalar ikitərəfli münasibətlərdəki siyasi anlaşılmazlıqları əsaslı şəkildə aradan qaldırıb. Səfər zamanı tərəflər əməkdaşlıq gündəliyinin genişləndirilməsi, iqtisadi əlaqələrin daha səmərəli mexanizmlər əsasında təmini, regionda təhlükəsizliyin möhkəmləndirilməsi naminə zəruri siyasi iradə nümayiş etdiriblər.

Rəsmi Bakı hər zaman ölkəmizin yaxın qonşusu, müsəlman dövləti olan İranla dostluq münasibətlərinin inkişafında maraqlı olduğunu bəyan edib, bu ölkənin maraqlarına zidd hansısa addım atmayıb. 2025-ci ilin iyun ayında baş verən 12 günlük İsrail-İran müharibəsi zamanı ölkəmizin nümayiş etdirdiyi tərəfsiz mövqe, hər iki ölkəni münaqişəni dinc yolla tənzimləməyə, atəşkəsə və dialoqa çağırması, humanitar problemlərin həllində yaxından iştirakı rəsmi Bakının xarici siyasət fəlsəfəsinin mahiyyətini bir daha ortaya qoyub.

Azərbaycan həmişə İranın daxili işlərinə qarışmamaq prinsipinə sadiq olub və münasibətlərdə konstruktiv yanaşmanın tərəfdarı kimi çıxış edib. Bununla da hansısa güc mərkəzinin maraqları ilə deyil, beynəlxalq hüquqa və milli mənafelərinə adekvat davrandığını növbəti dəfə nümayiş etdirib. Eyni zamanda, rəsmi Bakı dəfələrlə bəyan edib ki, İsrail, ABŞ və digər Qərb ölkələri ilə inkişaf edən əməkdaşlıq Azərbaycanın suveren seçimidir və hansısa ölkəyə qarşı yönəlməyib. Rəsmi Bakı həmçinin, ABŞ və Qərbin İranın nüvə proqramı ilə bağlı təzyiq və sanksiyalara qarşı çıxaraq, məsələnin dialoq və danışıqlar yolu ilə həlli vacibliyini müdafiə edib. Bu sabit və dəyişməz mövqe rəsmi Tehranın müəyyən narahatlıqlarının əsassız olduğunu təsdiqləyir və iki ölkənin gələcək dialoqu üçün şəffaf siyasi mühit formalaşdırır.

Azərbaycan-İran münasibətləri ötən 30 ildə gərgin və ziddiyyətli mərhələlərdən keçsə də, praqmatik maraqlar əsasında inkişaf edib. Tərəflər meydana çıxan kəskin fikir ayrılıqlarının qarşıdurmaya çevrilməsinə imkan vermədən dialoq yolu ilə həllinə üstünlük veriblər. İki ölkə arasında reallaşdırılan transmilli layihələr, iqtisadi, enerji, ticarət və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsi bunu bir daha sübut edir.

Hökumətlərarası birgə komissiyasının səmərəli fəaliyyəti ticarət və nəqliyyat əlaqələrinin dinamikasına müsbət təkan verir. Belə ki, əmtəə dövriyyəsi 2024-cü ildə 650 milyon olmuşdusa, bu ilin yanvar-oktyabr aylarında 520 milyon dollar təşkil edib. Tərəflər bu göstərici ilə arxayınlaşmır və mövcud potensialdan daha səmərəli istifadənin vacibliyini qeyd edirlər. Xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı ilə birgə mətbuat konfransında bildirdiyi kimi, Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq, tərəflər təkcə iqtisadi deyil, digər bütün istiqamətlərdə də geniş yol xəritəsinin hazırlanması barədə razılıq əldə ediblər.

İran və Azərbaycan arasında son illərdə nəqliyyat-logistika sahəsində əməkdaşlıq xüsusi dinamika qazanıb. Regionun geoiqtisadi xəritəsini dəyişmək gücünə malik olan dəmiryolu və tranzit layihələri ikitərəfli münasibətlərin möhkəmlənməsinə, Şimal-Cənub istiqamətində beynəlxalq ticarət marşrutunun rəqabət qabiliyyətinin artmasına təkan verib. Bu istiqamətdə Rəşt-Astara dəmiryol xəttini xüsusi qeyd etmək lazımdır. Bu dəmiryolu xətti ilə Cənub Asiya, Hind okeanı hövzəsi və Körfəz limanlarından daxil olan yüklərin fasiləsiz şəkildə İran üzərindən Azərbaycan, buradan isə Rusiya və Avropaya daşınması mümkün olacaq.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın uzun müddət Zəngəzur dəhlizi üzrə öhdəliklərini yerinə yetirməkdən yayınması fonunda rəsmi Bakı analoji layihəni İranla birgə icra etməyə qərar verib. “Şərqi Araz dəhlizi” adlandırılan bu yeni nəqliyyat xətti Ermənistanın regiondakı tranzit imkanları üzərində manipulyasiyalarına son qoymaqla yanaşı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək alternativ və dayanıqlı marşrut yaradacaq. Dəhliz dəmir yolu və genişzolaqlı avtomobil magistralından ibarət olmaqla yanaşı, enerji və rəqəmsal rabitə xətlərinin keçidini də nəzərdə tutur. Hazırda Horadiz-Ağbənd istiqamətində infrastrukturun sürətli şəkildə bərpası layihənin vaxtında tamamlanacağına dəlalət edir. Bu dəhliz yalnız Azərbaycan üçün deyil, bütövlükdə regionun yeni iqtisadi xəritəsinin formalaşmasında mühüm rol oynayacaq və Şərqi Zəngəzurun logistik mərkəzə çevrilməsinə təkan verəcək.

Gərginlik mərhələsinin geridə qalması, siyasi dialoqun intensivləşməsi və strateji layihələrin irəliləməsi göstərir ki, iki ölkə əməkdaşlığın qarşılıqlı faydalı və praqmatik modelini qurmaq əzmindədir. Bu həm regionun sabitliyinə, həm də qlobal nəqliyyat və enerji təhlükəsizliyinə müsbət təsir göstərən mühüm amildir.

MTM Analitik Qrup