İRAKLİ KOBAXİDZE: GÜRCÜSTAN REGİONDA TƏHLÜKƏSİZ VƏ SABİT MÜHİTİN YARADILMASINA TÖHFƏ VERMƏYƏ HAZIRDIR

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.

Hökumət ofisində keçirilən görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyannamə ilə müəyyən edilmiş əməkdaşlığın istiqamətlərinə diqqət yetirilib. Söhbətdə ticari-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi baxımından mövcud potensialdan istifadənin vacibliyinə toxunulub.

Tərəflər regionda mövcud vəziyyət və təhlükəsizlik problemlərini müzakirə ediblər. Sülh və sabitliyin vacibliyi vurğulanıb.

Hökumət başçısı deyib ki, Gürcüstan təhlükəsiz və sabit mühitin yaradılması məqsədilə regionda konstruktiv dialoqun aparılmasına töhfə verməyə hazırdır.