Bu gün Gürcüstan parlamentinin normal fəaliyyəti üçün hər cür imkan və şərait var. Parlament tam legitimdir, çünki, parlamentə müxalifətin deyil, xalqın verdiyi legitimlik lazımdır.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, seçkilərdə 5 faizlik baryeri keçərək mandat qazanan müxalifət nümayəndələrinin parlamentə daxil olub-olmamaları onların öz işidir.
“Hər hansı bir ölkənin parlamentinə müxalifətin legitimliyi lazım olsa, bu halda heç bir demokratik sistem fəaliyyət göstərə bilməz. Hesab edirəm ki, sonda hamı parlamentə daxil olacaq. Bu, mənim proqnozumdur, baxmayaraq ki, son nəticədə müxalifət partiyalarının heç bir resursu yoxdur. Onlar parlamentin işinə heç bir təsir göstərə bilməzlər”, – deyə, İrakli Kobaxidze vurğulayıb.
Baş nazir formalaşdırılacaq yeni hökumətin tərkibinə də münasibət bildirib. Deyib ki, Gürcüstan hökumətinin tərkibinin əsaslı şəkildə yenilənməsi nəzərdə tutulmur.