
Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniya səfəri şərçivəsində jurnalistlərə verdiyi son müsahibə Cənubi Qafqazda mövcud yeni yeni siyasi reallıqlar fonunda müəyyən haqlı suallar doğurub. Xüsusilə “Qarabağ” və “Qərbi Azərbaycan” mövzularının eyni müstəvidə təqdimatı, üstəlik bu məsələlərlə bağlı rəsmi Bakıya birgə “yol xəritəsinin hazırlanması” təklifinin verilməsi danışıqlar prosesinin mahiyyəti ilə uzlaşmayan qərəzli yanaşma kimi qiymətləndirməlidir.
Bu absurd iddia 2025-ci il 8 avqust tarixində Vaşinqton şəhərində paraflanmış Yekun Sülh Sazişinin ruhuna və prinsiplərinə ziddir. Sözügedən sənəd Qarabağ məsələsinin tam qapandığını, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığını və münasibətlərin gələcəkdə qarşılıqlı hörmət əsasında inkişafını təsbit edir. Belə olan halda, artıq tamamilə qapanmış “Qarabağ ermənilərinin geriyə qayıdışı” mövzusunun gündəmə gətirilməsi faktiki olaraq rəsmi Bakının qarşısına yeni şərtlər qoymaq cəhdi kimi dəyərləndirilə bilər.
Nikol Paşinyanın açıqlamalarında narahatlıq doğuran əsas məqamlardan biri Qarabağ probleminin guya tam başa çatmadığına dair təsəvvür yaratmaq cəhdi ilə bağlıdır. Halbuki, son iki il ərzində Azərbaycanla Ermənistan arasında sülh və normallaşma istiqamətində real addımlar atılıb. Vaşinqton razılaşmalarından sonra tərəflər arasında etimad quruculuğu tədbirləri həyata keçirilib, rəsmi və qeyri-rəsmi təmaslar intensivləşib, qarşılıqlı anlaşma mühiti formalaşıb. Azərbaycan ərazisindən Ermənistana yük daşınmasına razılıq verilməsi, hava məkanlarının mülki üçüşlar üçün açılması da bu prosesin bariz nümunələridir. Məhz belə bir şəraitdə daxildəki revanşist iddiaları bəhanə edərək, Qarabağ ermənilərinin “geriyə dönüşü” kimi absurd mövzu ilə “Qərbi Azərbaycanlıların geriyə qayıdışı” mövzularının əlaqələndirilməsi sülhə xidmət etmir və bölgədə gərginlik risklərini artırır.
Ermənistan baş nazirinin “Qərbi Azərbaycan” anlayışını qəbul etməməsi və bu mövzunu ərazi iddiası kimi təqdim etmək cəhdi rəsmi Bakının mövqeyinin bilərəkdən təhrif olunmasıdır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı heç bir halda Ermənistanın ərazi bütövlüyünə qarşı yönəlməyib. Rəsmi İrəvandan fəqli olaraq, ölkəmiz Qərbi Azərbaycanlıların geriyəqayıdış hüququna heç zaman ərazi iddiası kontektindən yanaşmayıb. Digər tərəfdən, Qarabağ erməniləri 2023-cü ildə Azərbaycanın reinteqrasiya planını qəbul etməyərək, könüllü şəkildə Ermənistana köçüblər. Ötən əsrin 80-cı illərinin sonunda 250 mindən çox azərbaycanlı isə vətəndaşı olduğu Ermənistandan zorakılıqla qovulub, deportasiya edilib.
Bu mövzunun gündəmdə olması sırf insan hüquqları və humanitar problemlərin həlli müstəvisindən dəyərləndirilməlidir. Söhbət tarixi ədalətin bərpasından və beynəlxalq hüquqla təsbit olunmuş fundamental hüquqların təminatından gedir. BMT-nin İnsan Hüquqları üzrə Ümumi Bəyannaməsində, Avropa İnsan Hüquqları Konvensiyasında və digər nüfuzlu beynəlxalq sənədlərdə hər bir şəxsin doğma torpağında yaşamaq və ora qayıtmaq hüququ açıq şəkildə tanınır. Bu baxımdan, azərbaycanlıların Ermənistandakı ata-baba yurdlarına dönüş hüququnun inkar edilməsi insan hüquqlarının açıq şəkildə pozulması kimi qiymətləndirilməlidir.
Bölgədə uzunmüddətli sülh yalnız siyasi bəyanatlarla deyil, insanların pozulmuş hüquqlarının real şəkildə bərpası ilə mümkündür. Azərbaycanlıların geriyə qayıdış hüququnun tanınmaması iki xalq arasında etimadın formalaşmasına mane olan əsas səbəblərdən biri olaraq qalır. Bu məsələnin ədalətli həlli isə gələcək nəsillər üçün daha təhlükəsiz və sabit regionun qurulmasına töhfə verə bilər.
Rəsmi İrəvan “Qərbi Azərbaycana qayıdış” mövzusunu “ərazi iddiası” kimi təqdim etməklə, ənənəvi qarayaxma kampaniyasına yer verir. Bu isə Ermənistanın real faktlar qarşısında arqumentlərinin tükəndiyini göstərir. Çünki XX əsrin sonlarında Ermənistanda azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiya və etnik təmizləmə siyasəti ilə bağlı təkzibedilməz sübutlar mövcuddur. Foto və videomateriallar, şahid ifadələri, arxiv sənədləri bu hadisələrin məqsədyönlü və sistemli xarakter daşıdığını sübut edir.
Bu gün Ermənistan cəmiyyətində türk xalqlarına qarşı kök salmış nifrət ritorikasının mövcudluğu, “Böyük Ermənistan” ideyasının hələ də siyasi diskursda yaşaması, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer alması sülh prosesinə ciddi zərbə vurur. Bundan əlavə, Qərbi azərbaycanlıların qayıdışına imkan verilməməsi iki xalq arasında etimad mühitinin formalaşmasına mane olan əsas amillərdən biridir. Halbuki dayanıqlı sülh keçmişdə baş vermiş ədalətsizliklərin aradan qaldırılmasını və insan hüquqlarının bərpasını tələb edir.
Qərbi azərbaycanlıların geri qayıdışı məsələsi eyni zamanda etnik təmizləməyə məruz qalmış azərbaycanlıların tarixi və mənəvi haqqının tanınması anlamını daşıyır. Bu reallıq hüquqi və siyasi əsaslar üzərində Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasını zəruri edib. Məsələ dövlət səviyyəsində milli ideya xarakteri daşıyan, uzunmüddətli strateji hədəf kimi müəyyən olunub. Azərbaycanın bu istiqamətdə atdığı ardıcıl addımlar və irəli sürdüyü təşəbbüslər beynəlxalq hüquqa əsaslanan, sabitlik və davamlı sülhə yönəlmiş siyasətin tərkib hissəsidir.
Rəsmi Bakı həmçinin vurğulayır ki, Ermənistan ərazisində dağıdılmış məscidlərin və digər tarixi-mədəni abidələrin bərpası barışıq və qarşılıqlı etimad mühitinin yaradılmasına xidmət edə bilər. Bu prosesdə YUNESKO və İSESKO kimi beynəlxalq təşkilatların iştirakı vacib hesab olunur. Ermənistan bu qurumların monitorinq missiyalarına şərait yaratmalı, azərbaycanlılara məxsus mədəni irsin qorunması və bərpası istiqamətində real addımlar atmalıdır.
MTM Analitik Qrup
