
Ermənistan parlamentinin sədri Alen Simonyanın son açıqlaması Cənubi Qafqazda yeni mərhələnin başlaya biləcəyinə dair siqnal kimi dəyərləndirilir. O bildirib ki, “Ermənistan Azərbaycanla iqtisadi-ticarət sahəsində əməkdaşlığa hazırdır. Buraya neft məhsullarının alışı da daxil ola bilər”. Bu bəyanat yalnız iqtisadi deyil, həm də regional təhlükəsizlik, siyasi yönlü və geosiyasi çalarları olan mühüm mesajdır. Bəyanatın siyasi mahiyyətinə gəldikdə qeyd etməliyik ki, Simonyanın ifadələri Ermənistanın son iki ildə sürətlə dəyişən siyasi kursunun davamı kimi görünür. Paşinyan hökuməti uzun müddət təhlükəsizlik və iqtisadi sabitliyi təmin etməyə qadir olmayan ənənəvi Rusiyayönümlü siyasəti tədricən tərk edir və Qərbin regional maraqlarına əsaslanan daha praqmatik xətt formalaşdırır. Bu bəyanatın siyasi məzmununda dayanan əsas amil post-müharibə reallıqlarının qəbul edilməsidir. Ermənistan 2020-ci və 2023-cü hadisələrindən sonra regionda güc balansının dəyişdiyini, Azərbaycanla qarşıdurmanın davam etdirilməsinin iqtisadi və siyasi baxımdan dağıdıcı olduğunu anlayır. İqtisadi əməkdaşlıq bəyanatı bu reallığın formal etirafıdır. Digər tərəfdən Ermənistan Moskvadan asılılığı zəiflətməyə çalışır, neft və enerji məsələlərində Rusiyadan asılı olan İrəvan üçün alternativlərin açılması Kremlin təsirini azaldır. Bununla yanaşı, iqtisadi əməkdaşlığa güclü meyillər Avropa İttifaqı, ABŞ və Türkiyəyə göstərilən “sülhə hazırıq” siqnalıdır.
Hazırda Ermənistan enerji təminatı baxımından ciddi problemlərlə üzləşib. Ölkənin neft məhsullarının təchizatı əsasən Rusiya və İran üzərindən təmin olunur ki, bu da həm bahalı, həm də siyasi risklərlə yüklü mexanizmdir. Azərbaycanla əməkdaşlıq isə daha ucuz neft və yanacaq təminatı deməkdir. Azərbaycan Qafqazın ən böyük neft istehsalçısıdır və logistik baxımdan Ermənistana ən yaxın təchizat mənbəyidir. Bu, Ermənistan üçün yanacaq qiymətlərində ciddi ucuzlaşma deməkdir. Ermənistan həm də Azərbaycan mallarının Naxçıvana və Türkiyəyə tranzit daşınmasından iqtisadi qazanc əldə edə bilər. Bu, həm də regional nəqliyyat xəritəsində ölkənin rolunu artırar. Ona görə də enerji təminatı üzrə şaxələndirmə İrəvan üçün strateji əhəmiyyət daşıyır, çünki Rusiya və İranla münasibətlərdəki dalğalanmalar ölkə daxilində sosial sabitliyə birbaşa təsir edir.
Bəyanatın geosiyasi nəticələrinə gəlincə, bu, regionda üç mühüm geosiyasi xətti hərəkətə gətirə bilər. Birincisi, iqtisadi əlaqələr post-münaqişə dövründə yeni qarşılıqlı asılılıq yarada bilər. Bu, sülh prosesini daha dayanıqlı edər. İkincisi, Ermənistanın Azərbaycanla iqtisadi əməkdaşlığı Türkiyə ilə normallaşma prosesini sürətləndirə bilər. Çünki Ankara üçün Bakı ilə sinxron siyasət prioritetdir. Üçüncüsü, İran və Rusiya Cənubi Qafqazda öz maraqlarına uyğun olmayan yeni kommunikasiya dəhlizlərinin açılmasından ehtiyat edir. Rusiyanın narahatlığı iqtisadi, İranın narahatlığı isə daha çox geostrateji xarakter daşıyır.
Simonyanın bəyanatı Bakının maraqlarına uyğun gələn bir neçə amili də gündəmə gətirir: Gələcəkdə Azərbaycanın Ermənistana neft və enerji satışını həyata keçirməsi həm siyasi, həm də iqtisadi təsir alətidir. Bu çərçivədə iqtisadi əməkdaşlıq sülh danışıqlarının texniki məsələlərini asanlaşdıra bilər. Bura yolların açılması və nəqliyyat layihələrinin reallaşması daxildir. Ermənistan ərazisindən keçən logistik xəttin canlanması Azərbaycan üçün strateji üstünlüklər yaradır. Bu baxımdan Simonyanın açıqlaması hələlik yekun qərar olmasa da, həm İrəvanın prioritetlərinin dəyişdiyini, həm də Cənubi Qafqazda yeni geoiqtisadi mərhələnin başlaya biləcəyini göstərir.
MTM Analitik Qrup
