Daşaltı kəndində terror aktı törətmiş erməni terrorçu Azərbaycan tərəfinə təhvil verilməlidir.
Bunu Rusiyanın nüfuzlu “Natsionalnaya oborona” jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko bu gün Şuşada mətbuat konfransı zamanı deyib.
“Biz bu gün qədim Azərbaycan şəhəri Şuşada olmaqdan məmnunuq. Bu gün biz sabitlik məsələlərini müzakirə edərkən Daşaltı kəndində terror aktı törədilib. Erməni terrorçu azərbaycanlı və rusiyalı hərbçilərə əl qumbarası atıb. Yaralılar arasında rusiyalı sülhməramlılar da ola bilərdi. Bəlkə bu, burada olan Rusiya nümayəndə heyəti üçün gizli təhdiddir. Hesab edirəm ki, erməni terrorçu Azərbaycan tərəfinə təhvil verilməlidir” – deyə, ekspert bildirib.
İ.Koroteçenko qeyd edib ki, baş verən hadisə bir daha 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün bəndlərinin qeyd-şərtsiz icrasının vacibliyini vurğulayır.
“Qarabağda heç bir qanunsuz erməni silahlı birləşmələri qalmamalıdır. Bu terror qruplaşmalar bədxassəli şiş kimidir. Biz qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılmasını tələb edirik. Əks halda, bu cür təxribatlar davam edəcək. Ermənistana qarşı vadaretmə tədbirləri görmək lazımdır. Bununla bağlı beynəlxalq reaksiya olmalıdır”.