İQOR KOROTÇENKO: SEÇKİ PROSESİ HEÇ BİR QÜSUR OLMADAN BAŞ TUTDU

Biz 6 seçki məntəqəsində müşahidəçi qismində iştirak etdik. Olduğumuz məntəqələrdə hər şey yüksək səviyyədə təşkil edilmişdi. Seçki prosesi heç bir qüsur olmadan baş tutdu.

Bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, seçicilər üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirdilər.

“İlham Əliyevin qələbəsi xalqın iradəsi ilə əvvəlcədən müəyyən olunmuşdu. Dünyada qeyri-müəyyən şəraitin hökm sürdüyü bir vaxtda xalqa belə təcrübəli və ona sadiq olan rəhbər lazım idi. İlham Əliyev ölkənin ərazi bütövlüyünü təmin etmiş Liderdir.

Görəsən, Makron və Avropa İttifaqının digər ölkələrinin rəhbərlərinin Azərbaycanda keçirilmiş seçkilərlə bağlı reaksiyaları necə olacaq? Azərbaycan xalqını təbrik, yoxsa əsassız tənqid edəcəklərmi? Çünki onlar seçkilərədək Azərbaycanı əsassız şəkildə tənqid edirdilər. Mən tövsiyə edərdim ki, onlar bu əsassız və dağıdıcı tənqidlərindən əl çəksinlər, konstruktiv mövqe nümayiş etdirsinlər”, – deyə Korotçenko əlavə edib.

Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.