İQOR KOROTÇENKO: BÖYÜK VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARININ TƏHQİR OLUNMASI VƏ NASİZMİN QƏHRƏMANLAŞDIRILMASININ QƏBULEDİLMƏZLYİ İLƏ BAĞLI PREZİDENT İLHAM ƏLİYEVLƏ HƏMRƏYİK

Biz Böyük Vətən müharibəsi iştirakçılarının təhqir olunması və nasizmin qəhrəmanlaşdırılmasının qəbuledilməz olması ilə bağlı Prezident İlham Əliyevlə həmrəyik.

Bunu Rusiyanın nüfuzlu “Natsionalnaya oborona” jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko bu gün Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində rusiyalı deputat və ekspertlərin gənclərlə görüşü və dəyirmi masa zamanı deyib:

“Biz Ermənistanda nasistlərin alqışlanmasını görürük. Yerevanın mərkəzində Qaregin Njdeyə abidə ucaldılıb, bu isə yaxşı göstərici deyil. Həm də Azərbaycanın azad edilmiş ərazilərində yandırılmış əraziləri, qəbiristanlıqlara, abidələrə, məscidlərə və digər mədəniyyət mərkəzlərinə qarşı barbarlığı görürük. Ermənistan Azərbaycanın dinc şəhərlərini atəşə tuturdu ki, bu da nasizmin qəhrəmanlaşdırılmasının göstəricisidir. Bütün bu faktlar bəşəriyyətə atılan çağırışdır. Biz xatırlayırıq ki, nasizmin qəbuledilməzliyi məsələsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qaldırılmışdı. Biz Böyük Vətən müharibəsi iştirakçılarının təhqir olunması və nasizmin qəhrəmanlaşdırılmasının qəbuledilməz olması ilə bağlı Prezident İlham Əliyevlə həmrəyik”, – deyə rusiyalı ekspert bildirib.

İ.Korotçenko deyib ki, Azərbaycan Böyük Vətən müharibəsində ümumi qələbəyə böyük töhfə verib:

“Bakı nefti olmasaydı, Böyük Vətən müharibəsində qələbə mümkün olmazdı. Bu qələbə bizim yaxınlaşmağımızın ümumi təməlidir. Bildiyiniz kimi, Azərbaycanda 9 May – Qələbə bayramı kimi qeyd olunur”, – deyə o, fikrini yekunlaşdırıb.