İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDUNUN VƏSAİTİ HESABINA VERİLMİŞ İPOTEKA KREDİTİNİN HƏCMİ AÇIQLANIB

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) “2024-2026-cı illər üzrə Kommunikasiya strategiyası”na uyğun olaraq, daşınmaz əmlak ekspertləri və müstəqil iqtisadçılarla görüş keçirilib.

İKZF-dən bildirilib ki, yaşayış maliyyəsi alətlərinə həsr olunmuş görüşdə fondun vəsaiti hesabına ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizminə dair təqdimatlar edilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış İpoteka və Kredit Zəmanət Fondu Qafqaz bölgəsinin ilk ipoteka bazarı operatorudur. Bu günədək fondun həyata keçirdiyi ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə 60 min 549 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb. O cümlədən 53 min 785 ipoteka krediti verilib və 6764 vətəndaşla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılıb. Fondun yaşayış maliyyəsi alətləri vasitəsilə mənzil şəraitini yaxşılaşdırmış ailələrin 70 faizə yaxını gənclərdir.

Qeyd edilib ki, 2024-cü ilin sonuna olan məlumata görə, ümumilikdə ölkə üzrə verilmiş ipoteka kreditlərinin həcmi – 4,7 milyard manat təşkil edib ki, onun da 3,3 milyard manatı və ya 81,4 faizi dövlət xətti ilə verilmiş kreditlərin payına düşüb. Bu günə olan məlumata görə, fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin həcmi 3,4 milyard manatı keçib.

Görüşdə ekspertləri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.