İORDANİYALI GƏNC JURNALİST AZƏRBAYCANIN ŞOKOLAD MƏHSULLARI BARƏDƏ YAZIB

İordaniyanın “Əl Ənbat”, “Şaab”, “Nəbd Əl Balad” qəzetlərində gənc jurnalist Marina Sudanın Azərbaycanın qənnadı məhsulları, xüsusən şokoladı barədə məqaləsi dərc olunub.

Müəllif yazır: “AZƏRTAC informasiya agentliyinin saytında Azərbaycanın Rusiyanın Ural regionuna ən böyük şokolad ixracatçısı olduğu və ötən il həmin bu məhsuldan 170 ton tədarük etdiyi barədə xəbəri oxudum. Araşdırdım ki, Azərbaycan böyük beynəlxalq və yerli şokolad yarmarkaları da keçirir. Heydər Əliyev Mərkəzi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi bu yarmarkalarında məşhur şokolad ustası Nikolay Popovun məhsulları nümayiş etdirilib. Onların arasında Eyfel qülləsinin, Misir ehramlarının, Azərbaycanın tarixi abidələrinin, musiqi alətlərinin şokoladdan olan heykəlləri var”.

M.Suda yazır ki, Müqəddəs Məryəmin şokoladdan düzəldilmiş heykəli də dünyada ilk dəfə Bakıda nümayiş etdirilib. “Bu, həm də Azərbaycanda tolerantlığın və bütün dinlərə olan hörmətin əlamətidir. Bu ölkədə bütün dinlərə mənsub olan insanlar arasında qarşılıqlı etimad və ehtiram, o cümlədən müsəlman-xristian həmrəyliyi bütün sahələrdə özünü büruzə verir. Təsadüfi deyil ki, Azərbaycan dini azadlıqlar ölkəsi, xalqların dostluq və qardaşlıq rəmzi hesab olunur. Şokolad da insanlar arasında bu mehriban münasibətlərə bir şirinlik qatır və onun dadına baxmaq arzusu ilə Azərbaycan xalqına gözəl günlər diləyirəm”, – deyə müəllif sonda qeyd edib.