İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİK EDİLİB

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

Sənədə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası təsdiqlənib.

Bu Məcəllədə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir.

İnzibati tənbeh vermə haqqında elektron qərar qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın nəzarət məntəqəsinə göndərilir.

Bu Məcəllədə nəzərdə tutulmuş inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur.

Bölünən yükləri daşıyan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir.

Nəqliyyat vasitəsində olan normadan artıq yükün boşaldılması və digər nəqliyyat vasitəsilə daşınması təmin edildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları tərəfindən ölçülərək göstəricilər real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə ötürülür.

İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə icazə verilən qabarit parametrlərinə, habelə bölünməyən yükləri daşıyan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən yükün həmin və ya digər nəqliyyat vasitəsilə hərəkətinə icazənin alınması təmin edilməlidir.

Bu Məcəllədə nəzərdə tutulan inzibati xətaları törətmiş nəqliyyat vasitəsini idarə edən şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin nəzarət məntəqəsində saxlanılması üçün haqqı həmin yerdə bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödəyə bilər. Bu halda saxlanılmış nəqliyyat vasitəsi onu idarə edən şəxsə bu Məcəllənin 127-1.6-cı maddəsində qeyd olunan hallar istisna olmaqla dərhal qaytarılır.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) inzibati cəriməni və nəqliyyat vasitəsinin nəzarət məntəqəsində saxlanılması üçün haqqı nəzarət məntəqəsində bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödəmək üçün şərait yaratmalıdır.