
Fevralın 11-də I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər müvafiq olaraq informatika və coğrafiya fənni üzrə əlavə imtahan verəcəklər. Həmin abituriyentlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli.
I-IV ixtisas qrupları üzrə fevralın 18-də keçiriləcək sınaq imtahanı üçün buraxılış vərəqələri bu həftə ərzində Mərkəzin saytında yerləşdiriləcək.