“İLİN ƏN YARADICI LAYİHƏSİ” MÜSABİQƏSİNƏ MÜRACİƏTLƏR QƏBUL OLUNUR

“eTwinning” layihəsi üzrə “İlin ən yaradıcı layihəsi” müsabiqəsinə müraciətlər qəbul olunur.

Təhsil Nazirliyindən bildirilib ki, müsabiqənin əsas məqsədi “eTwinning” layihəsi çərçivəsində Avropanın azı 3 ölkəsinin iştirak etdiyi beynəlxalq ortaq təhsil layihəsinin qurulması, planlaması və ölkələrarası əməkdaşlığın inkişaf etdirilməsidir.

Müsabiqəyə aşağıda qeyd olunan şərtlərə cavab verən layihələrlə istənilən “eTwinning” müəllimi qoşula bilər:

-Layihə mövzusu sərbəst olmaqla pedaqoji yeniliyə və müasir təlim metodlarına yönəlməlidir;

-Layihənin planı, məqsədi və gözlənilən nəticələri aydın göstərilməlidir;

-Avropanın 3 ölkəsinin müəllimlərinin cəlb edildiyi beynəlxalq layihə olmalıdır;

-Layihə milli kurikuluma əsaslanmalıdır;

-Şagird araşdırması layihə fəaliyyətlərində və planlamasında yer almalıdır;

-İnformasiya texnologiyalarının layihədə tətbiqi aydın görülməlidir.

Müsabiqəyə təqdim olunan layihələr üzrə dekabrın 15-i saat 23:59-dək “eTwinning” portalında qeydiyyat tamamlanmalıdır. Eyni zamanda, müraciət formasını dolduran müəllimin layihənin təsisçisi olması mütləqdir. Qeyd olunan şərtlər əsasında qalib seçilmiş layihə rəhbəri növbəti tədris ilində Avropada təşkil olunacaq beynəlxalq təlimdə seçim mərhələsinə qoşulmadan iştirak etmək hüququ qazanacaq.