İKİNCİ ŞUŞA QLOBAL MEDİA FORUMU RUMINİYA VƏ BOLQARISTAN MEDİASININ DİQQƏT MƏRKƏZİNDƏDİR

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər, dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar Rumıniya və Bolqarıstan mediasının diqqət mərkəzindədir.

Rumıniyanın “Gandul”, Bolqarıstanın “Episentr”, “Seqa” və digər nəşrləri Prezident İlham Əliyevin Azərbaycanın Qlobal Şimal ilə Qlobal Cənub arasında körpülər qurmasını, Qoşulmama Hərəkatına sədrliyini, eyni zamanda, ölkəmizin ABŞ-la münasibətlərinə dair fikirlərini geniş oxucu kütləsinə təqdim ediblər.

Yazıda xüsusilə Azərbaycan və Fransa münasibətləri təhlil olunub. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında Qoşulmama Hərəkatının bir çox üzvünün keçmişdə kolonializmin qurbanı olduğunu deyib. Milyonlarla insan bunun qurbanı olmuşdur və bəzi ölkələr hələ də bundan əziyyət çəkir. Prezident İlham Əliyev deyib ki, Azərbaycan bu ölkələrə keçmişin iyrənc qalığından özlərini azad edə bilmələri üçün kömək etmək istəyir. Dövlət başçısının sözlərinə görə, bu ölkələr Fransadan minlərlə kilometr uzaqda yerləşir, onları assimilyasiya etməyə çalışırlar, təhqir edirlər. Sonuncu hadisələrdə Yeni Kaledoniyada yeddi insan həlak olub. Bu, Fransanın və onun prezidentinin əməli nəticəsində baş verib.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirilib: “Biz kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyik, əlimizdən gələni edəcəyik”.