Vəkillər Kollegiyasının sədri Anar Bağırov III “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi olan İbrahim Məmmədzadə ilə növbəti dəfə görüş keçirib.
Kollegiyanın mətbuat xidmətindən bildirilib ki, görüş zamanı Anar Bağırov İbrahim Məmmədzadəni karyera yüksəlişi – yeni vəzifəsi münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb, habelə görülən işlərə, onun proqram çərçivəsində bir illik fərdi inkişaf planına nəzər salınıb. Həmçinin bu sahədə qazandığı yeni biliklər, idarəçilik səriştəsinin artırılması və növbəti planları barədə geniş fikir mübadiləsi aparılıb.
Eyni zamanda, görüşdə fərdi inkişaf proqramı əsasında Vəkillər Kollegiyasının həyata keçirdiyi tədbirlər, İbrahim Məmmədzadənin fərdi inkişafı üçün səmərəli olan digər layihələr müzakirələr edilib, hər iki tərəfin bir sıra təkliflərindən danışılıb.
Nəzərə çatdırılıb ki, İbrahim Məmmədzadə tərəfindən Vəkillər Kollegiyasının fəaliyyət istiqaməti üzrə hazırlanan təkliflər arasından təlim-tədris sahəsi ilə bağlı müzakirələr yekunlaşıb, müsbət qiymətləndirilib və Rəyasət Heyətinin növbəti iclas gündəliyinə daxil edilib. Təkliflərə Vəkillər Kollegiyası Akademiyasının iştirakı ilə birgə baxılacaq.
“Yüksəliş” müsabiqəsinin qalibi mentorluq proqramı çərçivəsində Kollegiyanın sədri Anar Bağırova yaradılan imkan və səmimi görüşə görə bir daha minnətdarlığını ifadə edib, aparılan fikir mübadiləsinin onun idarəçilik təcrübəsinin, habelə peşəkar vərdişlərinin təkmilləşdirilməsinə böyük stimul verdiyini bildirib.
Qeyd edilib ki, İbrahim Məmmədzadə həm görüş zamanı, həm də görüşdən əvvəlki dövrdə çalışdığı qurumun fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və yeniliklər barəsində Kollegiyanın nümayəndələrini məlumatlandırıb.
Xatırladaq ki, İbrahim Məmmədzadə Vəkillər Kollegiyası tərəfindən keçirilən konfranslara və digər layihələrə cəlb olunub, onun aktiv iştirakına şərait yaradılıb.